Azərbaycanın avtoparkı hələ də çox köhnədir, yaşı 20 ildən artıq olan avtomobillər, ölkədəki maşınların 60%-i təşkil edir.
“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. İqtisadçı qeyd edib ki, hökumət 2019-cu ildə hibrid və elektriklə işləyən avtomobillərə vergi-rüsüm güzəştləri tətbiq etdi:
- Son 5-6 ildə, doğrudan da, ölkəyə daha müasir, daha təhlükəsiz, ekologiyaya daha az ziyan vuran avtomobillərin gətirilməsi artdı, avtopark yenilənməyə başladı - yəni, pozitiv dəyişikliklər baş verdi. Amma, bu ildən bütün güşəştlər ləğv edildi, əvəzində isə kolleksiyalıq, raritet avtomobillərin ölkəyə gətirilməsini bütün növ vergi, rüsum və ödənişlərdən azad etdilər, rəsmi qərardan sitat: “Zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş raritet, kolleksiyalar üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək. Bu avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq”. Hökumətin qərarlarından məntiq axtarmaq əbəsdir, bunu onillərdir bilirik, amma, heç olmasa rasional zərrəciklər olmalıdır axı – raritet, kolleksiyalar üçün avtomobilləri varlı adamlar (bir çox hallarda məmurlar) alıb-gətirir, böyük məbləğdə pul ödəyir, öz zövqünü “qidalandırırlar”, onlar niyə rüsum-vergi ödəməsinlər, amma, məsələn, öz ailəsini dolandırmaq, sadəcə qidalanmaq üçün hibrid maşın alıb, min-bir əziyyətlə, hökumətin yaratdığı maneələri aşmaqla taksi xidməti göstərmək istəyən Vəli, Məhəmməd dayı niyə hibrid maşına 3-5 min daha artıq ödəsin?