“Şəhər həyatında ən çox istifadə etdiyimiz, lakin əslində düzgün qurulmayan sistemlərdən biri də Bakı metrosundadır. Hər dəfə qırmızı xəttin "Həzi Aslanov" istiqamətindən gəlib yaşıl xəttin "Dərnəgül" istiqamətinə və ya əksinə hərəkət etmək ilk baxışdan rahat görünsə də əslində bu, düzgün qurulmayan bir sistemin fəsadıdır”.
Bu fikirlər inşaat-mühəndisi Azər Axundova məxsusdur. Son bir neçə gündə əsas müzakirə mövzularından biri metronun “28 May” və “Nizami” stansiyaları arasında keçidin bağlanacağıdır. Bununla bağlı yaranmış narazlıqlara cavabında A.Axundov “Sherg.az”a məsələni belə izah etdi:
- Bəzən düzgün qurulmayan bir sistemdən davamlı istifadə etdikdə buna öyrəşirik və bir müddət sonra bu sistemdən istifadə etmək bizə normal gəlir. Əslində isə, düzgün olmayan şey metroda xətlərin kəsişməsidir. Düzgün işləyən sistemdə hər bir xətt müstəqil olmalıdır və bir-biri ilə kəsişməməlidir. Artıq 50 ildən çoxdur ki, Bakı metrosunda bu problem var. Bu problemin mövcudluğu demək olar ki metro açılan illərdən bilinir. Problemin həlli üzərində ilk işlərin icrasına 80-ci illərdə başlanılıb və ilkin olaraq "Cəfər Cabbarlı" stansiyasının tikilməsinə qərar verilib. Lakin sovetin dağılması ilə bu işlər tam başa çatdırılmayıb. 1993-cü ildə 2 fərqli hissədən ibarət lan "Cəfər Cabbarlı" stansiyasının bir tərəfi açılıb. 2008-ci ildə isə digər tərəfi istifadəyə verilib. Çatışmayan 200 metrə yaxın tunelin tikintisi isə hər dəfə ertələnib. Ən son 2014-cü ildə xətlərin ayrılması prosesinə başlamağa cəhd olunub, lakin qısa müddət sonra bütün işlər yenidən dayanıb.
Mütəxəssis qeyd etdi ki, bu gün Bakı metrosunda, xüsusilə də "28 May" stansiyasında olan sıxlığın ən böyük səbəbi məhz xətlərin kəsişməsidir: 
- Sərnişinlər eyni platformadan istifadə edərək iki fərqli istiqamətə gedir və bu da stansiyalarda sıxlığa səbəb olur. Eyni zamanda yaşıl xətdə normal intervalın təmin edilə bilməməsinin əsas səbəblərindən biri də metrodakı bu düyündür. Lakin metro, bu 50 illik problemin həllinə artıq çox yaxındır. 15 avqust tarixindən etibarən "28 May"-"Nizami" arası hərəkət əbədi olaraq dayanacaq. "28 May" stansiyasına çatmağa bir neçə metr qalmış, "Nizami" və "Sahil" stansiyalarına aparan 2 ayrı tunel bir neçə ay sonra tarix olacaq. “28 May”dan qatarlar yalnız üzü “İçərşəhər” istiqamətində “Sahil” stansiyasına aparan tunellə hərəkət edəcək. Xətlər ayrılandan sonra isə qatarlar "Xətai"-"Dərnəgül" və "İçərişəhər"-"Həzi Aslanov" arası müstəqil hərəkət edəcək. Xətlər arası keçid üçün sərnişinlər "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasındakı keçiddən istifadə edəcək. İlk aylarda bəlkə də "düzgün olmayana" öyrəşən sərnişinlərə bu proses narahat gələcək. Çünki Bakı metrosunda sərnişinlər heç düzgün keçid stansiyalarının da necə olduğunu görə bilməyiblər. İllərlə yeganə keçid olan hissədən sadəcə "Xətai" stansiyasına getmək mümkün olub və bundan çox az adam istifadə edib. Amma artıq düzgün olana öyrəşməyin vaxtıdır. "28 May" stansiyasına çatmağa bir neçə metr qalmış, "Nizami" və "Sahil" stansiyalarına aparan 2 ayrı tunel bir neçə ay sonra tarix olacaq.