Kommunikasiya xətləri çökmək üzrədir
Onların tikintisi yerli orqanların gözü qarşısında olub, bəzən də rüşvət alınaraq tikintiyə icazə verilib
Bakıda iki evin bünövrəsi çöküb, ona yaxın ev isə təhlükəli vəziyyətdədir. Bu barədə Xezerxeber.az xəbər verib. Bildirilir ki, Biləcəri qəsəbəsi, Tomris küçəsində kanalizasiya kollektoru torpaq qatı ilə birlikdə anidən çöküb. Bu səbəbdən kollektor üzərində inşa edilən evlərə ciddi ziyan dəyib. Sakinlər deyir ki, artıq 5 gündür evdən çıxıblar. Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı əlaqədar qurumlara müraciət ünvanlayıblar, lakin aldıqları cavab "evdən çıxın, qəzalıdır" olub. Məsələ ilə bağlı Binəqədi Rayan İcra Hakimiyyətindən qeyd olundu ki, həmin evlər uzun illər əvvəl tikilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda vətəndaşların fərdi yaşayış evləri diametri 1000 mm olan tullantı su kollektorunun mühafizə zolağında deyil, birbaşa üzərində inşa edilib. İki gün öncə həmin çöküntü baş verən zaman rayonun sukanal idarəsi əraziyə baxış keçirib, mövcud durum dəyərləndirilib. Vətəndaşlara bu vəziyyətdə yaşamağın təhlükəli olduğu və yaşayış yerlərini tərk etmələrinin vacibliyi barədə yazılı surətdə xəbərdarlıq edilib. Mövcud durum dəyərləndirildikdən sonra müəyyən olunub ki, artıq həmin kollektorun bərpası qeyri-mümkündür. Bu səbəbdən yeni layihə hazırlanıb və layihənin icrasına başlanılıb.
Baş verən hər hansı qəzada, faciədə mütləq vətəndaşın günahkar çıxacağına vərdiş edilib artıq. Kiminsə evi qəzalıdır, deyirlər, qanunsuz tikilidir, hansısa evin altından su, kanalizasiya borusu keçdiyi məlum olur, evin inşa tarixini eramızdan əvvələ keçirirlər, binada partlayış, yanğın olur, günahkar tapılmır, az qalırlar desinlər ki, gərək vətəndaş mənzildə əleyhqaz saxlayaydı, tüstüdən boğulmayaydı. Biləcəri qəsəbəsində vətəndaş ev tikərkən yerli icra orqanlarının rəhbərləri, əməkdaşları harada idi? Ərazi niyə yoxlanmırdı, kommunikasiya xətlərinin haradan, hansı ərazidən keçdiyini göstərən xəritə-filan olmayıb ki, təhlükəli ərazidə tikintiyə icazə verilməsin?
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, ərazidə tikinti aparılmasına dair smeta layihəsi hazılananda qaz, su, elektrik xətləri, kanalizasiya xətlərinin də haradan keçdiyi göstərilir:
- Ola bilsin, sözügedən ev sənədsiz tikilidir, qanunsuz inşa edilib. Amma məlum məsələdir ki, bu qanunsuzluğa yerli icra orqanları tərəfindən göz yumulub. Paytaxtda 500 mindən çox sənədsiz ev olduğu bildirilir. Bu evlər “göydən düşməyib”. Onların tikintisi yerli orqanların gözü qarşısında olub, bəzən də rüşvət alınaraq tikintiyə icazə verilib. Bu məsələdə vətəndaşların sosial vəziyyətini də nəzərə almaq lazımdır. Mənzil tələbatının ödənməsi məqsədilə fərdi ev tikintisinə icazə verilə bilər. Amma icazə veriləndə heç olmasa, ərazinin relyefi, kommunikasiya xətlərinin olub-olmaması nəzərə alınmalıdır. Neft quyusunun yanında tikilmiş evlər var. Buna niyə icazə verilirdi? Tutalım vətəndaş evsizdir, harda gəldi ev tikib yaşamağa razıdır. Amma vəzifə sahibləri vətəndaşın təhlükəsizliyinə məsuliyyət daşımalıdır.
V.Tofiqli bildirdi ki, kanalizasiya borusunun çürüyüb dağılması uzun illər baxımsız, nəzarətsiz qaldığını göstərir. Halbuki kommunikasiya xətləri vaxtaşırı yoxlanmalı, qəzalı olanlar, köhnəlmiş xətlər və borular yeniləri ilə əvəzlənməlidir.