Elçin Bayramlı:"Azərbaycanda uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırkı 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı olunmalıdır"
“Ölkəmizin artan gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq”
Ölkəmizdə uşaq pulu ilə bağlı müzakirələr ara vermir. Bəzi mənbələrin verdiyi məlumata görə, rəsmi qurumlarda uşaqların siyahısının yenilənməsinə başlanılıb. Artıq “JEK”lərdən evlərə zəng vurularaq dəqiqləşdirmələr aparılır.
Xatırladaq ki, bir müddət öncə millət vəkili, Əmək və Sosial siyasət komitəsinin üzvü Araz Əlizadə “Sherg.az” açıqlamasında uşaq pulunun tətbiq olunmasına dair müəyyən müzakirələrin aparıldığını qeyd edib:
“Parlamentin payız sessiyasında uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik”.
“Altay” sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Elçin Bayramlı “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırkı 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı olunmalıdır:
“Rusiya hökuməti bu gün “uşaq pulu”nun artırılaraq yaşayış minimumuna çatdırılması haqda qərar qəbul edib. Rusiyada yaşayış minimumu regionlardan asılı olaraq azı 300 dollar təşkil edir”.
Bundan başqa, ekspert diqqətə çatdırıb ki, Rusiyada birinci uşağa bizim pulla götürdükdə 8 min manat, ikinci və sonrakı uşaqların hər birinə 13 min manat, üçüncü uşaqdan etibarən ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir:
“Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur. Qeyd edək ki, birdəfəlik ödəniş və aylıq müavinətlər regionlardan asılı olaraq dəyişir.
Digər keçmiş SSRİ respublikalarındakı vəziyyətə baxaq. Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub.
Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.
Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir.
Ermənistanda əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 100 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir.
Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro (1120 manat) müavinət verilir.
Ümumiyyətlə, əksər ölkələrdə uşaq doğulmasına görə iri məbləğdə birdəfəlik ödəniş, təxminən yaşayış minimumu qədər də aylıq müavinət ödənilir. Bizdə də belə bir təcrübə olub. Sosialist respublika dövründə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq “uşaqpulu” ödənilir, «Qəhrəman ana»lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından qabaq təqaüdə çıxarılırdı”.
İqtisadçının sözlərinə görə, son illər azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır:
“Yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 30 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb.
Azərbaycanda 15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Belə ki, bu göstərici 1992-ci ildəki 111-dən 2017-ci ildə 63-ə düşüb.
Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var.
Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırkı 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı olunmalıdır. Ölkəmizin artan gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq”.