2026-cı ildə manatın dəyərdən düşməsi baş verə bilər -İqtisadçıdan XƏBƏRDARLIQ

“İnflyasiya faizinin yüksəlməsi ehtimalı var. Bunu nəyə əsasən qeyd edirik, çünki qonşu dövlətlərdə inflyasiya sürətlə gedir. Türkiyədə, İranda, Rusiyada. Ətraf ölkələrdə iqtisadi baxımdan nəsə baş verirsə, digər dövlətlərə də müəyyən qədər təsir edir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı Rauf Qarayev bildirdi.

R.Qarayev qeyd etdi ki, ümumi iqtisadi proseslərdə özünü kənara çəkmək mümkün deyil: 

- Görürük ki son illərdə manatın qorunması təşkil edilsə də, kənar faktorlar yenə də təsirini göstərir. Hipoteza bunu deməyə əsas verir ki, sən nə qədər özünü müdafiə edib sığortalasan da, qonşuda gedən proses sənə də təsir edəcək. Hazırda gedən proseslərdə biz bunu müşahidə edə bilərik. 2026-cı ildə biz gözləmədiyimiz bir çox hadisələrin baş verdiyini müşahidə edəcəyik. Məsələn, avronun qiyməti qalxıb artıq. Bu, Mərkəzi Bankın son dəyişikliyində, avroda əks olunub. Manatın avroya nisbətndə sıfırlar yoxdur artıq. 2 manat 1 avrodur. Konkret. Yəni, valyutaların Azərbaycan manatına olan nisbətində görürük ki, qiymət qalxıb və dayanıb. Bu prizmadan baxdıqda ola bilər 2026-cı ildə manatın dəyərdən düşməsi baş versin. Bizim manat ona görə qüvvəli idi ki ölkə neft və qaz satışından gəlir əldə edirdi. Amma 2026-cı ildə ola bilsin, manatın real olaraq dəyərdən düşməsini rəqəmlərdə görək. Bu proses artıq başlayıb. Əvvəllər 50 manata etdiyimiz bazarlıq üçün indi 100 manat xərcləməli oluruq. Daxildə bu müşahidə olunur. Manat dəyərdən düşür artıq. Sığortalanmaq üçün əlavə iş görməli, qazancımızı artırmalıyıq ki tələbatı ödəyə bilək.