Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiyini bildirib. Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət edib: “2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.
Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq.
Bu həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq”.
V. Bayramovun sözlərinə görə, yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək:
“Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir. 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir”.