Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi


Kənd təsərrüfatının inkişafı prioritet sahəyə çevrilir
Mənfəət vergisindən azad edilən fermer istehsaldan, satışdan əldə etdiyi gəliri – vəsaiti özü istədiyi təyinat üzrə xərcləyəcək
Fuad İbrahimov: “Fundamental quruculuq üçün 1 il də azdır, hətta 3 il də. Uzun vədəli güzəştlər tətbiq edilməlidir ki, fermerlərin marağına səbəb olsun və aqrar sektorda hiss ediləcək müsbət dəyişikliklər baş versin”
  Azərbaycanda aqrar sahədə satışdankənar gəlirlərin və subsidiyaların vergidən azad olunması təklif edilir. Bu, dövlətin kənd təsərrüfatının, aqrar sektorun inkişafına diqqətlə yanaşdığının, dünyada baş verən prosesləri nəzərə alaraq, ərzaq qıtlığı, ərzaq təhlükəsizliyi kimi qlobal məsələlərin həllini asanlaşdırmağa, ölkəmizin idxaldan asılılığını azaltmağa, yerli istehsalı stimullaşdıraraq, göstəriciləri yüksəltməyə yönəlmiş addımlardan biridir. Bu məqsədlə Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Təkliflər bundan ibarətdir ki, Azərbaycanda aqrar sahədə fəaliyyət göstərən fiziki şəxslərin növbəti ildən satışdankənar gəlirləri və onlara ödənilən subsidiyaları gəlir vergisindən azad edilsin. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad olunur. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə şatışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
  Müzakirələr zamanı millət vəkili Azər Badamov vergi güzəştlərinin uzunmüddətli olmasını təklif edib. “Azərbaycanda kənd təsərrüfatı sahəsi ilə bağlı vergi təşviqləri 1 illik nəzərdə tutulub, təklif edirəm ki, 3 illik olsun”, söyləyən millət vəkili qeyd edib ki, iqtisadiyyatın elə sahələri var ki, həmin sahələr daima dövlət dəstəyinə ehtiyacı duyur: “Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Vergi məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə təşviqlər 1 illikdir. Amma yaxın vaxtlarda ərzaq təhlükəsizliyi ilə bağlı müsbət proqnozlar yoxdur. Ona görə də, təşviqlərin 3 illik olmasını təklif edirəm”.
  Mütəxəssislərin fikrincə, son illər dünya bazarında neftin qiymətinin stabil olmaması və azalan xətt üzrə inkişafı fonunda istər büdcə daxilolmalarının yerinə yetirilməsi, istərsə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ölkədə qeyri-neft sektorunun inkişafına daha çox önəm verilir. Bu sektorda diqqət mərkəzində olan sahələrdən biri də aqrar sahədir. Bazar iqtisadiyyatı prinsipləri əsasında öz milli iqtisadiyyatını inkişaf etdirən Azərbaycan üçün aqrar sahənin mümkün potensialından tam mənada istifadə edilməsi “Gələcəyə baxış - İnkişaf Konsepsiyası” üçün ən aktual mövzulardan birinə çevrilib. Aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi sayəsində bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə bu, olduqca mühüm nailiyyət hesab edilir. Fermerlərə tətbiq ediləcək yeni güzəştlər aqrar sahədə hansı üstünlüklərə səbəb olacaq?
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, mənfəət vergisindən azad edilmə istənilən halda fermer, sahibkar üçün əlverişlidir:
- Mənfəət vergisindən azad edilən fermer istehsaldan, satışdan əldə etdiyi gəliri – vəsaiti özü istədiyi təyinat üzrə xərcləyəcək. Onu başqa bir sahəyə yönəldə bilər, yaxud gəlirgətirən sahəni daha da inkişaf etdirib, növbəti məhsul ilində daha çox məhsuldarlıq əldə edə bilər. Dövlət fermerə müəyyən qədər şərait yaradır ki, təsərrüfatını genişləndirə bilsin. Lakin burada diqqət edilməsi gərəkən mühüm amil var. Bu da vergi institutunun hansı dərəcədə formalaşmasıdır. Vergi siyasəti şəffaf olmalıdır. Vergi güzəştləri sağlam vergi sistemlərində effektiv olur. Müsbət nəticələr o zaman əldə edilir. Tutalım, bir fermerin 1000 ton taxılı var. Bunun uçotu necə aparılır? Belə bir uçot aparan təşkilat yoxdur hələ ki. Bu taxılın nə qədər hissəsi və hansı məqsədlər üçün yararlıdır, bunlar hamısı dəqiq bilinməlidir ki, fermerin əldə edəcəyi mənfəət gəliri də bəlli olsun. Və sonra da bu gəlirdən necə istifadə edildiyi bilinsin. Nəzəri cəhətdən hər şey mümkündür. Amma tətbiq məsələsində çətinliklər ortaya çıxır. Çünki əvvəlcə vergi sisteminin şəffaflığı təmin edilməlidir.
  F.İbrahimov gəlir vergisindən azadedilmə müddətinin uzadılması təklifi ilə razı olduğunu bildirdi:
 - Mən millət vəkilinin təklifini ikiəlli dəstəkləyirəm və hətta bildirirəm ki, 3 il də azdır. Bu müddət ən azı 3 ildən 5 ilə qədər olmalıdır ki, cazibədarlıq artsın və effektiv nəticə əldə edilsin. Fundamental quruculuq üçün 1 il də azdır, hətta 3 il də. Uzun vədəli güzəştlər tətbiq edilməlidir ki, fermerlərin marağına səbəb olsun və aqrar sektorda hiss ediləcək müsbət dəyişikliklər baş versin.