Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi


Hər bir detal nəzərə alınıb

“Dövlət proqramı regionların inkişafına aparan mükəmməl yol xəritəsidir”

Azad edilmiş ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflər tətbiq ediləcək

  Regionların inkişafı Qarabağımızın işğaldan azad edilməsiylə yeni mərhələyə qədəm qoydu. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran, dağlıq hissəsi də daxil, Ağdam, Füzuli, həmçinin Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Böyük Qələbə əldə etdiyimiz 44 günlük Vətən müharibəsinə qədərki dövrdə ölkənin digər regionlarında sürətli sosial-iqtisadi inkişafa nail olundu. İnfrastrukturlar yeniləndi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniyyət ocaqları inşa edildi, turizmin inkişafı üçün münbit şərait yaradıldı. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də davam edir. 

Hökumətin üzərinə düşən vəzifə isə ikiqat artıb, çünki Qarabağın dirçəldilməsi və 30 ilə yaxın müddətdə doğma yurda qayıdış həsrətilə yaşayan əhalinin el-obasına dönüşü həyata keçməlidir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planını təsdiqləyib. Tədbirlər Planı çoxşaxəlidir və sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edir. Əsas məsələlərdən biri əhalinin doğma yurda qayıdışının sürətləndirilməsi olduğundan Tədbirlər Planına əsasən, 2022-2025-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 10 270, 2022-2026-cı illərdə isə 34 500 ailənin köçürülməsini təmin etməlidir. 

İşğaldan azad edilmiş ərazilərdə tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulub. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə yerləşən qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin tikintisi və tibbi xidmətin təşkili nəzərdə tutulur. 2023-2025-ci illərdə Səhiyyə Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İTSDA, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsi, 41 ailə sağlamlıq mərkəzinin və 33 tibb məntəqəsinin tikintisini təmin etməli və bu işləri başa çatdırmalıdırlar. Həmçinin işğaldan azad olunan ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınmaqla, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti təmin ediləcək. 2022-2025-ci illərdə Elm və Təhsil Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyi ilə birgə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinin və bərpasının layihələndirilməsi, 4 təhsil müəssisəsinin, o cümlədən 3 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinə və bərpasına başlanılmasını təmin etməlidir. 2026-cı ildə bu təhsil müəssisələri, o cümlədən peşə təhsili və orta ixtisas təhsili müəssisələri istifadəyə verilməlidir. 
  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının təmin və təşviq edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı komissiya yaradılıb. Akademiyanın Rəyasət Heyəti bununla bağlı qərar qəbul edib. Qərara əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək tədbirlər planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb. İ.Həbibbəyli qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir. Ölkə başçısı tərəfindən bu günə kimi bir çox dövlət proqramlarının uğurla icra olunduğunu deyən AMEA rəhbəri Böyük Qayıdışa dair I Dövlət Proqramının da Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçiriləcəyini bildirib.

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri, əslən Ağdamdan olan Vüqar Tofiqli Dövlət proqramında hər bir detalın nəzərə alındığını, tərtib edilmiş tədbirlər planının da qısa zamanda əhalinin doğma yurdlara qayıdışını təmin etməyə hesablandığını bildirdi:  

- İşğaldan azad olunmuş ərazilərdə dövlət sifarişli binalar, mənzillərlə yanaşı yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası da nəzərdə tutulur. Bununla bağlı mərhələli şəkildə tədbirlər görüləcək. Tədbirlər planında qeyd olunur ki, sifarişçi təşkilatlar Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, MİDA, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birgə 2022-2026-ci illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşasını təmin etməlidir. İşin sürətlənməsi məqsədilə də yaşayış məntəqələrinin salınmasına özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığının qurulması təmin ediləcək. Sənədə əsasən, İpoteka Kreditə Zəmanət Fondu və MİDA tərəfindən ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışı dəstəklənəcək, ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsi məqsədilə İKZF kapitallaşdırılacaq, yaşayış sahələrinin tikintisi, habelə tikinti materiallarının istehsalı ilə məşğul olan subyektlərin maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək, cəlb edilmiş resursların maya dəyəri azaldılacaq. Bunun üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yaşayış sahəsinin alınması üçün ipoteka kreditləşməsi mexanizminin şərtlərinə yenidən baxılacaq (kreditin girova, gəlirin borca nisbətləri və s.), sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi mexanizmi təkmilləşdiriləcək, İKZF-nin zəmanəti ilə alınan kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiya veriləcək. Bundan əlavə, azad edilmiş ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflər tətbiq ediləcək. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi 2022-2024-cü ilə qədər Energetika Nazirliyi ilə birlikdə ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflərinin tətbiqinə dair təkliflər hazırlanması və təsdiq edilməsini təmin etməlidir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında həmçinin Ağdam - Xankəndi qaz kəmərinin çəkilməsi də əksini tapıb. Sənədə əsasən, 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam - Xankəndi qaz kəmərinin və üzərində QTM-lər quraşdırmaqla qaz kəməri qollarının tikintisi təmin edilməlidir. Bütün bunlar həm doğma yurdlarından köçkün düşmüş əhalinin el-obaya qısa zamanda qayıdışını təmin edəcək, həm də Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinə səbəb olacaq. Ümumilikdə Qarabağın iqtisadi dirçəlişi isə ölkə iqtisadiyyatının daha da güclənməsi, digər regionlarla iqtisadi əlaqələrin yaranması və ümumi iqtisadi inkişaf tempinin daha da yüksələcəyi, regionlarda məskunlaşmış əhalinin sosial vəziyyətinin yaxşılaşacağı deməkdir.