Vəziyyət ağırdır, bahalaşma ən son həddə çatıb

İqtisadçı millət vəkillərini sərt tənqid etdi

"Deputatların bəzisi əhalinin xeyrinə çıxışlar edir, sonra da büdcə layihəsinə səs verirlər"

  “Yaşadığımız ildə minimum əmək haqqının 300 manat olması fonunda inflyasiyanın həddi istehlak səbətinin dəyərinin daha ədalətli indeksasiyasını tələb edirdi. Məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir”. Bu barədə Milli Məclisin plenar iclasında çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc danışıb. Zahid Oruc deyib ki, ötən ilin noyabrında 100 manata alınan ərzaq indi 125 manata alınır: “O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb. Nəhayət, bizim hazırkı istehlak səbətimiz vətəndaşın mərkəzi istilik sisteminə çıxışı normativinə söykənir, ancaq əhalinin yalnız 10 faizinin belə mərkəzi sistemlərə çıxışı var. O zaman minimum istehlak səbətində müəyyənləşmiş kvota ilə bir ailəni 10 gündən artıq istiliklə təmin etmək mümkün deyil. Ona görə də Dünya Bankının ölkəmizi orta gəlirli ölkə kateqoriyasına aid etməsi halında bizim istehlak səbətinin 3-cü dünya ölkələri standartlarında saxlanması doğru deyil”. Deputat qeyd edib ki, 2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb: “Əslində qiymətlər həm də su, elektrik enerjisi və yanacağın tarifləri artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 23-cü ildə də davam edəcəyini bildirir. Azərbaycanda hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.

  İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, millət vəkillərindən bəzisi əhalinin xeyrinə çıxışlar edir, sonra da büdcə layihəsinə səs verirlər. Minimum əməkhaqqı minimum istehlak səbətinin dəyərini ödəmirsə, o zaman niyə büdcənin qəbuluna səs verirlər? İqtisadçı bildirdi ki, millət vəkili reallığı deyib. Hazırda minimum əmək haqqının istehlak səbətinə uyğun gəlmədiyi məlum həqiqətdir. Lakin hökumət vəziyyətin az da olsa dəyişməsi üçün gərəkən addımları atmır: 
- Minimum əmək haqqı yaşayış minimumuna, o da istehlak səbətinə bağlıdır. Amma bunlar bir-birinə uyğun gəlməli olduğu halda, hazırkı vəziyyətdə bir-birinə tərs-mütənasibdir. Milli Məclisdə də bəzi deputatlar bunu dəfələrlə səsləndirib ki, əməkhaqqı artdıqca, qiymətlər də artır. Əmək haqqı faktiki qiymətlərin ardınca “qaçır”. Bu gedişlə biz heç vaxt minimum əməkhaqqı ilə minimum istehlak səbətinin dəyərini uyğunlaşdıra bilməyəcəyik. Bəli, məbləği artırmaq lazımdır. Qiymətlərin də sabitliyini təmin etmək. Qiymət artımı nəyə bağlıdır, idxal məhsullarından tutulan rüsumlar, vergilərə. Bunun sadə yolu dövlət rüsumlarını, vergiləri azaltmaqdır. Amma belədə də maliyyə naziri qalxıb deyəcək ki, dövlət büdcəsi ziyana düşəcək. Başqa bir yol, sahibkarlara yüksək faizlə bank kreditlərinin verilməsinin qarşısını almaqdır. Bu işi Mərkəzi Bank icra etməlidir. Mərkəzi Bank haqqında qanunda qeyd edilir ki, Mərkəzi Bankın vəzifəsi qiymətlərin sabitliyini təmin etmək, inflyasiyanın qarşısını almaqdır. Yerinə yetirirmi bu vəzifəni Mərkəzi Bank? MB üzərinə düşən vəzifəni yerinə yetirmiş olsa, gərək bütün banklara eyni dərəcədə kredit faizləri vermək hüququnu tanısın. Bütün banklar bərabərhüquqlu fəaliyyət göstərməlidir. Lakin hazırda bu belə deyil. Banklar da faizləri azaltmaqla ziyana düşmək istəmir. O zaman daha bir yol qalır; gəlirləri azaltmamaq şərtilə, xərcləri azaltmaq, minimuma endirmək. Nazirlərin, məmurların xaricə səfərləri, beynəlxalq tədbirlər, hansısa ölkələrdə görülən işlər, ən gərəklilər istisna olmaqla dayandırılmalı, bu işlərə sərf olunan milyardlar minimum əmək haqqının artırılmasına, qiymətlərin də sabit saxlanmasına sərf edilməlidir. Bununla bəlkə daim irəli gedən qiymətləri cilovlamaq, əhalinin minimum istehlak səbətinə çıxışını təmin etmək mümkün oldu.