Sosial Tədqiqatlar Mərkəzi növbəti blitz sorğu mövzusu kimi vətəndaşların pullarını harada daha etibarlı (təhlükəsiz) saxlaya biləcəklərinə dair rəyi öyrənib. Qeyd etmək istərdik ki, sorğu çərçivəsində söhbət vətəndaşların gündəlik xərc təyinatlı vəsaitlərinin daha təhlükəsiz hesab etdikləri saxlama formasından gedir. Yəni spesifik olaraq yığımların daha etibarlı saxlanılması formaları ilə bağlı mövqe öyrənilməyib.
Keçirilən sorğunun nəticələrində insanların öz pulunu saxlamaq üçün daha çox banklara üstünlük verdiyi aşkar olunub. Belə ki, sorğuda iştirak edənlərin 39.9 faizi pulunu evdə saxladığı halda, 56.7 faizi banklara etimad göstərir. Sorğu çərçivəsində respondentlərin 1.8%-i digər cavab variantlarını qeyd edib, 1.5 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.
Son 7-8 ildə bank sistemində xeyli problem olduğunu deyən iqtisadçı-ekspert Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, banklar informasiya işini düzgün qura bilməyib:
"Son illərdə 20-yə yaxın bankın bağlanması nəticəsində, xeyli insana ziyan dəydi. Düzdür, əksəriyyəti kompensasiya olundu, amma bu, insanlarda böyük bir etimadsızlıq yaratdı. Bunların bəziləri şayiədir, bəziləri isə doğru. Əslində əhalinin 40 faizə yaxınının pulunu evdə saxlaması banklardan çox polisə etimad edir deməkdir. Ancaq mən pulun evdən oğurlanması riskinin daha çox olduğunu hesab edirəm.
Bu gün mövcud qanunvericiliyə görə bir nəfərin bankda olan yüz min manata qədər əmanəti Əmanətlərin Hesablanması Fondu tərəfindən sığortalanır. Yəni vətəndaşlara pullarını evdə saxlamağı tövsiyə etmirəm.
Lakin onları da başa düşürəm. Yaranan söz-söhbətlər onlarda qorxuya və inamsızlığa səbəb olur. Bu etimadsızlığın səbəbi isə, bankların informasiya təminatını düzgün qurmaması və insanları inandıra bilməməsidir".