Davosda yanvarın 16-da Dünya İqtisadi Forumu başlayıb. Yanvarın 20-dək davam edəcək Foruma bir çox beynəlxalq təşkilatların, iş dünyasının nümayəndələri dövlət və hökumət başçıları qatılıb.
Həmçinin yanvarın 17-də Azərbaycan prezidenti İlham Əliyev də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib.
Davosda dövlətimizin başçısının Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.
Söhbət zamanı dövlətimizin başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlanıb.
Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb.
Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Dövlət başçısı Azərbaycanın önəmli tranzit ölkəsinə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.
Xatırladaq ki, Dünya İqtisadi Forumu bu il “Parçalanmış dünyada əməkdaşlıq” mövzusu altında təşkil olunub.
Forumun əhəmiyyətini "Sherg.az"a dəyərləndirən iqtisadçı Pərviz Heydərov söyləyib ki, hər il yanvarın ikinci yarısında Davos görüşləri keçirilir:
"Bu foruma dünyanın ən aparıcı şirkətlərinin rəhbərləri, investorlar, hökümət və dövlət başçılarının böyük bir qismi təşrif buyururlar. Görüşün əsas müzakirə mövzusu isə sırf iqtisadi məsələlərdir. Forum zamanı həm şirkət rəhbərləri, həm də ölkə başçıları biri-biri ilə məlumat mübadiləsi aparırlar. Yəni hər bir ölkə hansı sahədə investisiya qoyuluşuna ehtiyacı olduğunu çatdırır. Ümumiyyətlə, dünya üzrə ən çox investisiyanın hara yatırılması və hansı ölkənin buna daha çox ehtiyacı olması dəqiqləşdirilir".
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev Davos formunda iştirak etməklə, ölkəmizin iqtisadi potensialı və hansı investisiya sahələrinin olduğu haqqında informasiya çatdırır:
"Azərbaycan inkişaf etməkdə olan ölkələri sırasındadır. Bu səbəblə də ölkə başçımızın belə tədbirlərdə iştirakına böyük ehtiyac var. Çünki dünyanın aparıcı şirkətləri Davosda iştirak edirlər. Onların rəhbərləri ilə əlaqələrin qurulması ölkəmizi həm tanıdır, həm də qeyri-neft sektoru sahəsinə investisiya qoyulması potensialını gücləndirir".