Böhranı Azərbaycan çözür

Enerji sahəsində əməkdaşlıq Avropaya da stabillik gətirəcək

  "Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir". Bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Rumıniya dövlət başçısının sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra geosiyasi vəziyyət dəyişib: "Avropa İttifaqı və üzv ölkələr enerji resursları istiqamətində alternativlərə üz tutub. Bu mənbələrdən biri də Azərbaycandır və Azərbaycan etibarlı tərəfdaşdır". 

Rumıniya dövlət başçısı xatırladıb ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın əsası 2009-cu ildə qoyulub: “2022-ci ildə biz enerji sahəsində görünməmiş çətinliklərlə üzləşdik. Bu çətinliklərə cavab vermək üçün Aİ hərtərəfli addımlar atıb. Azərbaycandan idxal olunan qaz regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib. Biz Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk. Biz Xəzər dənizindən daha çox təbii qazın hasil edilməsində maraqlı olaraq qalırıq”.

"Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyik"

  Rumıniya dövlət başçısı deyib ki, ölkəsi həm enerji istehsalı üçün mövcud potensialından istifadə etməklə, həm də transsərhəd enerji nəqliyyatı infrastrukturu vasitəsilə regionda enerji əməkdaşlığını təşviq etmək öhdəliyinə sadiqdir: “Bu baxımdan mühüm nümunə Prezident İlham Əliyevin 2022-ci il dekabrın 17-də Buxarestə səfəri zamanı imzalanmış Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və təchizatı sahəsində Strateji Tərəfdaşlıq Sazişidir. Müqaviləyə əsasən, Qara dənizdə yaşıl elektrik enerjisi üçün sualtı kabeli inkişaf etdirəcəyik, Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyik. Avropa İttifaqı ilə onun üzvü olan dövlətlər, digər tərəfdən isə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq strateji prioritetə malikdir və bazar məntiqi bunu tələb edir. İcazə verin, ölkəmin ümumi çağırışlara, xüsusən də ümumi enerji təhlükəsizliyimizə davamlı həll yollarını tapmaq istiqamətində regional əməkdaşlığa güclü və davamlı sadiqliyimizə sizi əmin edim”.

"CQD-nin həm Aİ, həm də Azərbaycan üçün vacib rolu var"

  Avropa İttifaqının (Aİ) enerji komissarı Kadri Simson deyib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası mürəkkəb bir dövrə - qlobal inkişafın risk altında olduğu və enerji təhlükəsizliyinin diqqət mərkəzinə düşdüyü bir dövrə təsadüf edir. Kadri Simson bildirib ki, Məşvərət Şurasının bu iclası Aİ, Azərbaycan və digər tərəfdaşların enerji böhranına cavab vermək və stabillik üçün birgə əməkdaşlıq etdiklərini göstərmək üçün bir fürsətdir. Aİ Komissarı Kadri Simsonun sözlərinə görə, Aİ və Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur. O əlavə edib ki, Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə memorandum Cənub Qaz Dəhlizinin həm Aİ, həm də Azərbaycan üçün vacib rolu olduğunu göstərir. O, bu dəhliz vasitəsilə qaz həcminin artdığını xatırladaraq vurğulayıb ki, bu həcmin artması Avropa enerji resurslarının diversifikasiyasına, qaz tədarükünün stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verib.

"Azərbaycanın Aİ-yə bərpaolunan enerji ixracı üçün potensialı var"

  Kadri Simson vurğulayıb ki, Azərbaycanın Aİ-yə bərpaolunan enerji ixracı üçün potensialı var: "Azərbaycandan Aİ-yə qaz tədarükü artıb. Bu, bizim Azərbaycanla artan diplomatik əlaqələrimizlə də üst-üstə düşür. Mövcud böhranı fürsətə çevirmək üçün qarşılıqlı qətiyyət var. Həmçinin bu əməkdaşlığımızın bizi gələcəkdə hansı nöqtəyə gətirəcəyinə də diqqət etməliyik. Qarşıdakı onilliklərdə təbii qaz Avropanın enerji keçidində vacib rol oynayacaq”, - Aİ-nin enerji komissarı bildirib. Simson əlavə edib ki, CQD Aİ-yə boru kəməri vasitəsilə çatdırılan sabit və rəqabətədavamlı qaz mənbələrindən biri olaraq qalacaq. Onun sözlərinə görə, bu, həmçinin Xəzər regionundakı digər ölkələr üçün də bir fürsət yaradır ki, bu layihəyə qoşulsunlar. O, Aİ-nin bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq marağından da danışıb. Aİ-nin enerji komissarı Azərbaycanın külək enerjisi sahəsində potensialını vurğulayıb: “Azərbaycanın Aİ-yə bərpaolunan enerji və hidrogen enerjisi ixrac edən ölkə olmaq potensialı var. Bizim "EU fior Energy" proqramı artıq bu istiqamətdə Azərbaycana dəstək verir. Biz texnologiya və özəl sərmayə təqdim edirik”.

"ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir"

  ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman deyib ki, ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir. Bildirib ki, Prezident Cozef Bayden Xəzər dənizindən Avropaya qaz ixracı məsələsini dəstəkləyir. ABŞ Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: "Cənub Qaz Dəhlizi Avropa üçün çox əhəmiyyətli layihədir və Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Lakin Cənub Qaz Dəhlizi Avropanın yalnız enerji deyil, siyasi təhlükəsizliyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihə bir çox ölkənin əməkdaşlığına imkanlar yaradır ki, bu imkandan istifadə iqtisadi artımı təmin edir. ABŞ Xəzər dənizində hasil olunan təbii qazın Avropaya nəql olunmasını bundan sonra da dəstəkləyəcək və Azərbaycana yardım edəcək”. Xanım Laura Loxman onu da qeyd edib ki, dünyada ekoloji problemləri nəzərə alan ABŞ Azərbaycanda yaşıl enerji istehsalına və ixracına sərmayə yatıra bilər.

"Əgər "Türk axını" çəkilməsəydi, bu gün çox ciddi problemlərlə üzləşərdik"

  Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan dənizə çıxışı olmayan bir dövlət kimi enerji təchizatında, o cümlədən bu sahəyə lazımi sərmayələri yatırmaq məsələsində qonşu və digər tranzit ölkələrdən çox asılıdır. O, hökumətinin enerji təchizatına həmişə siyasi və ya ideoloji deyil, fiziki bir məsələ kimi baxdığını qeyd edib: 

“Enerji təhlükəsizliyi bizim üçün milli təhlükəsizlik məsələsidir və hökumət indiyə qədər etdiyi kimi bu sahəyə hər hansı müdaxilə cəhdini qətiyyətlə rədd etməyə davam edəcək”. Siyarto Macarıstanın enerji təchizatının bu gün də təhlükəsiz olduğuna inandığını deyərək, bunun "böyük ölçüdə hələ də yüz faiz gücü ilə işləyən “Türk axını” qaz kəməri" ilə bağlı olduğunu vurğulayıb. 

O, bəzi şəxslərin bir zamanlar kəmərin çəkilməsinə mane olmağa çalışaraq sanksiya hədələri etdiyini, lakin layihənin iştirakçı ölkələrin cəsarətli qərarları sayəsində reallaşdığını xatırladıb: "Əgər biz bu kəməri çəkməsəydik, bu gün çox ciddi problemlərlə üzləşərdik”.