Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yaradılmış yeni iş yerlərinin 93,4 %-i özəl sektorun payına düşüb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Mirkişili bildriib.
"Əmək bazarında keyfiyyət dəyişiklikləri müşahidə edilir", - deyə o qeyd edib.
Bundan başqa, Komitə sədri deyib ki, 2023-cü ilin I yarısında dövlət qeydiyyatına alınmış fərdi sahibkarların sayı 2022-ci ildəki göstəricinin 81 %-dən çox olub: "Bu o deməkdir ki, ölkədə fərdi sahibkarlığa stimul var və bu istiqamətdə də keyfiyyət dəyişikliyi baş verib".
Mövzu ilə bağlı “Sherg.az” a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, statistikaya rəğmən hələ də Azərbaycanda dövlət sektorunda çalışanların sayı özəl sektorda çalışanların sayından çoxdur:
“Hazırda ölkədə 1,7 milyon muzdla çalışan var ki, bunun da 900 mini dövlət sektorunda çalışır. Geri qalan 800 minə yaxın insan isə özəl sektorda çalışır. Amma verilən statistika bizə tendesiyanın dəyişdiyini göstərir. Açılan iş yerlərinin əsas hissəsinin özəl sektorun payına düşməsi müsbət haldır. Olmalı olanda elə məhz budur. Özəl sektorda iş yerlərinin yaranması prioritet sahə kimi öndə olmalıdır. Çünki dövlət öhdəlikləri artdıqca büdcə yükü də artır. Özəl sektor həm özü qazanır həm də vergilər vasitəsilə büdcəyə vəsaitlərin daxil olmasında aktiv rol alır. Bu nöqteyi-nəzərdən özəl sektorda iş yerlərinin açılmasını inkişaf yönümlü addım olaraq adlandırmaq olar”.