Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb. Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Bəs neftin ucuzlaşması manata təzyiqi artırırmı ?
Bu barədə "Sherg.az" ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bazarda neftin qiymətinin ucuzlaşması istənilən halda Azərbaycanın makroiqtisadi göstəricilərinə mənfi təsir göstərir:
"Azərbaycanın əsas gəlir mənbəyi neft ixracından əldə olunan pullardır. Amma neftin qiymətində müşahidə edilən azalma və ya dalğalanmalar manatın məzənəsinə birbaşa təsir göstərmir. Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Yəni bazarda baş verən proseslərlə birbaşa əlaqəsi yoxdur. Ona görədə indiki vəziyyətdə manatın məzənnəsi ilə bağlı hər hansısa bir qərarın qəbul ediləcəyini düşünmürəm. Əlbəttə manatın məzənnəsi daim sabit qalmayacaq. Müəyyən müddətdən sonra Mərkəzi Bank və hökümət manatın məzənnəsi ilə bağlı yeni qərar vermək məcburiyyətində qalacaqlar. Əgər neft qiymətləri ucuzlaşmaqda davam etsə və bu tendensiya xarakteri alarsa, gələn ilin ortaları və ya axrına yaxın bu barədə müəyyən qərarlar qəbul oluna bilər"