Vüqar Bayramov: Neftin bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir

İqtisadçı-ekspert deyib ki, bu vəziyyət gəlirlər üzrə proqnozları kəskin azaldacaq 

Bu da büdcə kəsirinin artmasına səbəb olacaqdır

Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. 
Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”da bildirilib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, dövlət büdcəsinin xərcləri isə 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır.  2025-ci ildə büdcənin gəlirləri 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz artıqdır. 
Məlumatda həmçinin bildirilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112.5 milyard manata, xərclərinin isə 107.9 milyard manata qədər yüksəlməsi gözlənilir.
  Proqnozda bildirilir ki, əhalinin nominal gəlirləri 2025-ci ildə 90,1 mlrd. manat təşkil edəcək. Orta aylıq əmək haqqı isə 2025-2028-ci illərdə müvafiq olaraq 1 080.1 manat, 1 156.4 manat, 1 237.9 manat və 1 326.4 manat olacaq.
Bununla belə, Nazirliyin növbəti illər istehlak qiymətlərində illik artım proqnozu 5 faizin altında olacaq. İstehlak qiymətləri indeksi və ya inflyasiya qidadan nəqliyyat xərclərinə qədər hesablayan mühüm indikatordur. Beləliklə, üst-üstə növbəti 4 ildə Azərbaycanı 16.2 faiz qiymət artımı gözləyir. Lakin bu, İqtisadiyyat Nazirliyi tərəfindən manatın dollara nisbətdə olan sabit məzənnəsi və makroiqtisadi reallıqlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Nazirlik, 2028-ci ilə qədər manatın “lövbər” məzənnədə, yəni dollar/manat kursunun 1.7000-da qalacağını ön görür.
Proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70.0 ABŞ dolları və 2026-2028-ci illər üçün 65.0 ABŞ dolları fərz edilib. 

  Hökumətin proqnozlarını dəyərləndirən millət vəkili Vüqar Bayramov da “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan “üzən məzənnə” rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır: 

 “Hökumət proqnoz verən zaman həm Mərkəzi Bankın ehtiyatlarını, həm də valyuta bazarındakı tələb-təklifi nəzərə alır. Mərkəzi Bankın intervensiya imkanları var və bundan faydalanaraq prosesə təsir göstərmək mümkündür. Qarşıdakı dövrlərdə milli valyutamızın məzənnəsinin necə dəyişməsi birmənalı olaraq Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank praktiki olaraq intervensiya yolu ilə proseslərə təsir imkanlarını qoruyub saxlayır. Eyni zamanda neftin dünya bazar qiyməti də bütövlükdə valyuta tələblərinə təsir göstərən faktorlardan biridir. Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün birmənalı şəkildə milli valyutamızın növbəti dövr üçün kursu Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
 
 Millət vəkilinin sözlərinə görə, Maliyyə Nazirliyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında ən çox diqqəti çəkən məqamlardan biri də gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənmə imkanları ilə bağlıdır:
“Sənədə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq. İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir”. 


  İqtisadçı-ekspert Eldəniz Əmirov isə hesab edir ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır. O, “Sherg.az”a açıqlamasında deyib ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaqdır: 

“Kəsirin qapadılması isə borclanmanı artıracaqdır. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb.  Bəs, qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə, neft qiymətinin uzunmüddətli aşağı olması halında öhdəliklər necə təmin ediləcək? Borclanmanın artırılması, transfer və digər vasitələrlə xərclər qarşılana bilsə də, sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı. 
  İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu da deyil. Onsuz da, hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın.
Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı bu risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcəklər”.