60 min quzu dünyaya gəldi

Türkiyə Tarım və Orman Nazirliyinə aid Şanlıurfadakı Ceylanpınar Tarım İşletməsində bu il 60 min İvesi cinsi quzu dünyaya gəlib. Yüksək süd verən və ətinin ləzzəti ilə tanınan bu cins qoyunlar, dünyanın ən böyük və nüfuzlu təsərrüfatlarından birində damızlıq məqsədilə yetişdirilir.

Təsərrüfatda təxminən 152 min kiçikbaş heyvan var və yeni doğulmuş quzular veterinarlar, heyət və çobanlar tərəfindən diqqətlə izlənilir. Quzular hər gün iki dəfə anaları ilə eyni vaxtda bir araya gətirilir və onların analarını qoxuları vasitəsilə tapması təmin olunur.

Ceylanpınar Təsərrüfatı Kiçikbaş Heyvandarlıq Müdiri Mustafa Erdi Oluğ bildirib ki, bu il doğan quzuların sayı ötən ilə nisbətən 3 min çoxdur və il sonunda ümumilikdə 63 min quzu olacaq. Təsərrüfatda İvesi cinsi qoyunlardan 2025-ci ildə 4 200 ton süd əldə olunub, gələn il isə bu rəqəm 4 500 tona çatdırılması planlaşdırılır.

2026-cı ildə həm ətlik, həm də İvesi cinsi qoyunlar kənd təsərrüfatı məhsulları istehsalçılarına çatdırılacaq.