Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 400 dolları keçib

Alüminium füçerslərinin qiyməti 2022-ci ildən bəri ilk dəfə ton üçün 3 400 dolları ötüb.

Oxu.Az xəbər verir ki, bu barədə London Metal Birjasının (LME) məlumatlarında bildirilir.

Bakı vaxtı ilə saat 18:45-ə olan məlumata görə, alüminium füçerslərinin qiyməti 3,03% artaraq ton üçün 3 349,5 dollara çatıb. Gün ərzində maksimum göstərici isə saat 16:02-də qeydə alınıb və qiymət 3 418 dollara (+4,37%) yüksəlib.

Bundan əvvəl Bəhreyndə yerləşən "Aluminium Bahrain" (Alba) şirkəti Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən alüminium məhsullarının daşınmasını həyata keçirə bilmədiyini bildirərək müqavilələr üzrə fors-major elan edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana zərbələr endirib. Tehran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə hücumlar həyata keçirir. İran hakimiyyəti Hörmüz boğazından keçidə qadağa tətbiq edib, İslam İnqilabı Keşikçiləri Korpusu isə boğazdan keçməyə cəhd edən gəmilərin məhv edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.