Azərbaycan Avropaya yeni dəmir yolu qapısı açır: İldə 20 milyon ton yük potensialı

  • Beləliklə, Cənubi Qafqazdan Türkiyəyə, oradan Balkanlara və Mərkəzi Avropaya uzanan alternativ dəmir yolu marşrutu formalaşır 

Dublində 50-dən çox ölkənin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammiti Azərbaycanın dünya dövlətləri arasında artan nüfuzunun növbəti təsdiqi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olduğunu göstərir.

Azərbaycan hazırda Avropanın əsas enerji təchizatçılarından biridir. Bu mövqe enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırır. Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrinin inkişafında enerji təhlükəsizliyi ilə yanaşı, bərpaolunan enerji və Orta Dəhlizin müxtəlif komponentləri də böyük əhəmiyyət daşıyır.

Bu barədə fikirlərini Sherg.az-la bölüşən nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib ki, Cənubi Qafqazdan Türkiyəyə, oradan isə Balkanlara və Mərkəzi Avropaya uzanan alternativ dəmir yolu marşrutu artıq formalaşır:

“Bu, Cənubi Qafqazdan Balkanlara uzanan dəmir yolu bağlantısıdır. Türkiyədə Halkalı–Kapıkule yüksək sürətli dəmir yolu layihəsinin İspartakule–Çerkezköy hissəsində TBM vasitəsilə (Tunnel Boring Machine – tunel qazma maşını) tunel qazıntısının tamamlanması təkcə Türkiyə üçün deyil, Cənubi Qafqazın Avropa ilə nəqliyyat əlaqələri baxımından da əhəmiyyətlidir.

Bu xətt Türkiyəni Bolqarıstan üzərindən Balkanlarla və Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirir. Həmçinin, Azərbaycanın Şimal Dəmir Yolu layihəsi, Gürcüstanın dəmir yolu infrastrukturu və Türkiyə üzərindən formalaşan bu bağlantı Orta Dəhliz üçün yeni perspektivlər açır.

Beləliklə, Cənubi Qafqazdan Türkiyəyə, oradan Balkanlara və Mərkəzi Avropaya uzanan alternativ dəmir yolu marşrutu formalaşır. Şimal Dəmir Yolu ilə Orta Dəhlizin inteqrasiyası nəticəsində ildə ən azı 20 milyon ton yükün Türkiyə üzərindən daşınması potensialı yarana bilər.

Bu, Azərbaycanın Avropaya çıxış imkanlarının genişlənməsi, tranzit marşrutlarının şaxələndirilməsi və regionun logistika əhəmiyyətinin artması deməkdir. Əsl strateji üstünlük Xəzər dənizindən Balkanlara qədər fasiləsiz, rəqabətqabiliyyətli və yüksək buraxılış qabiliyyətinə malik dəmir yolu zəncirinin yaradılmasıdır”.