Azərbaycan sərmayə nəhənglərini cəlb edir -RƏY

Beynəlxalq anlaşmalar ölkəmizə milyardlıq sərmayə gətirəcək
Bakı Forumu əməkdaşlığın güclənməsi baxımından yeni bir platformadır, yeni imkandır
Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan və onun hüdudlarından  kənar: Regionların əlaqələndirilməsi, gələcəyin qurulması" mövzusunda plenar sessiya keçirilib. Plenar sessiyada çıxış edən Baş nazirin müavini Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın regional və qlobal iqtisadi sistemdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. Ölkəmizin sabit və dayanıqlı makroiqtisadi mühiti, balanslaşdırılmış büdcə siyasəti və güclü valyuta ehtiyatları ilə bağlı məlumat verib. Bildirilib ki, bu reallıqlar xarici sərmayəçilər üçün əlverişli və cəlbedici mühit yaradır. Eyni zamanda, bugünkü forum qarşılıqlı əməkdaşlıq və yeni təşəbbüslər üçün ölkələr və regionlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə formalaşmış şəffaf və etibarlı investisiya mühiti, Azərbayanın beynəlxalq bazarlara çıxış imkanları, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, investisiya platformaları və təşviq mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkə iqtisadiyyatı uğurla diversifikasiya etdirilir, ölkəmizin iqtisadi və maliyyə siyasəti şəffaf və proqnozlaşdırıla biləndir, möhkəm makroiqtisadi əsaslar və dayanıqlı inkişaf strategiyası beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. İqtisadiyyat naziri investorları Azərbaycanda formalaşmış cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitindn faydalanmağa dəvət edib. Monteneqro Respublikasının turizm naziri Simonida Kordiç Azərbaycan və Monteneqro arasında yaxın dostluq və səmərəli tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Monteneqronun turizm sənayesi və əlverişli investisiya mühiti barədə məlumat verilib. Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi potensialının nümayiş etdirilməsi, eləcə də regionlararası əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm təşəbbüs kimi dəyərləndirilib. Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç Azərbaycan və Serbiyanın strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirib. Rəqabətqabiliyyətli iqtisadiyyat üçün yeni texnologiyaların və innovasiyaların tətbiqinin vacibliyini bildirib. Data mərkəzləri və texnoloji mərkəzlərə investisiya yatırımının önəmindən bəhs edilib. Bugünkü forumun əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm platforma olduğunu diqqətə çatdırıb. 
“Roubini Macro Associates” konsaltinq şirkətinin baş icraçı direktoru Nuriel Rubini Azərbaycanın zəngin enerji resirslarına sahib olmasına baxmayaraq iqtisadi diversifikasiyaya, yaşıl keçidə önəm verdiyini vurğulayıb. Gələcəyin innovasiya üzərində qurulduğunu, bunun üçün isə texnologiyanın önəmli olduğuna diqqət çəkib. Rəqəmsal iqtisadiyyata keçiddə innovasiyaların tətbiqinin, generativ süni intellektin, maşınöyrənməsi və fintekin önəminə toxunub. Rəqəmsal təhsilin və bu sahədə “Coursera” onlayn təhsil platformasının süni intellektlə bağlı təlimlərinin əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, Şərq və Qərib, Şimal və Cənub arasında strateji mövqedə yerləşən ölkəmiz qloballaşma və nəqliyyat-logistika əməkdaşlığını genişləndirmək imkanına malikdir. Azərbaycan makroiqtisadi stabilliyi və işgüzar mühiti ilə xarici birbaşa investisiyaların cəlbinə şərait yaradır. 
Plenar sessiya çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur. Daha sonra ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. 
22-23 sentyabr tarixlərində keçirilmiş Forumda müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-dən çox iştirakçı yer alıb.
Millət vəkili Vüqar Bayramov Serg.az-a açıqlamasında deyib ki, Beynəlxalq İnvestisiya Forumu bütövlükdə investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından vacibdir. Deputat diqqətə çatdırıb ki, ölkələr sərmayə qoyuluşları ilə bağlı yeni anlaşmalar imzalayırlar: 
"Bu da təbii ki, ölkələr üçün xarici investisiyanın cəlb edilməsi baxımından çox vacibdir. Nəzərə alaq ki, Azərbaycan həm neft, həm də qeyri-neft soktoruna yeni sərmayənin cəlb edilməsində maraqlıdır. Xüsusən, yaşıl enerji sahəsinə sərmayənin cəlb edilməsi prioritet olaraq qalmaqdadır. Bu istiqamətdə də məhz Azərbaycanla biz digər ölkələr arasında, o cümlədən Birləşmiş Ərəb Əmirliyi arasında əməkdaşlığın güclənməsini müşahidə edirik. Bu istiqamətdə anlaşmaların bağlanması da praktiki olaraq sərmayələrin cəlbinə imkan yaradır. Forum birmənalı şəkildə bu sahədə əməkdaşlığın güclənməsi baxımından yeni bir platformadır, yeni imkandır. Sadəcə ölkəmiz üçün deyil, həm də təbii ki, digər ölkələr üçün anlaşma, müzakirə platformasıdır. Bu baxımdan beynəlxalq əhəmiyyət daşıyır. Birmənalı şəkildə regional və qlobal səviyyədə sərmayənin hərəkətinə və ölkələrin daha çox xarici investisiya cəlb etməsinə imkan yaradır".