Azərbaycanda banklar niyə ardıcıl BAĞLANIR?

Azərbaycanda zaman-zaman banklar bağlanır, ya da ləğv edilir. Son bir ildə isə üç böyük bank bağlanıb. Sonuncu ləğv edilən isə “Muğan Bank” oldu. Yaranan mənzərə bank sistemində vəziyyətin heç də ürək açan olmadığını göstərir. Bir neçə ay öncə isə Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi. Bəs, Azərbaycanda banklar nə üçün ardıcıl olaraq bağlanır?

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, əksər banklar mövcud qanunvericiliyin tələblərinə və Mərkəzi Bankın göstərişlərinə əməl etmirlər və bu səbəbdən də bağlanırlar:

"Bankların maliyyə göstəriciləri, yəni kapitalın adekvatlıq tələbi göstəricilərə uyğun olmadıqda bankların lisenziyaları ləğv edilir. Ümumiyyətlə, bankların qarşısına qoyulan tələblər çox sərtdir. Banklar digər sahibkarlıq subyektlərindən fərqli olaraq öz vəsaitləri hesabına deyil, müştərilərdən cəlb edilən vəsaitlər hesabına fəaliyyət göstərirlər. Müstəridən əldə etrdikləri əmanəti digər şəxslərə kredit verirlər. Kreditlər problemli olduğu halda isə müştərilər əziyyət çəkir. Onların banka qoyduğu əmanətlər qaytarılmır. Beləliklə, banklar müflisləşir. Eyni zamanda banklar yüksək nizamnamə kapitalına sahib olmalıdır (minimum 50 milyon). Bankların fəaliyyətindən asılı olaraq məcmu kapitalına tələb də artır".