Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Sənədə əsasən, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.