- Natiq Cəfərli: "Bu vəziyyətin səbəbi isə vergi-rüsum-cərimə siyasətinin yanlış olması, iqtisadi aktivliyi təşviq edən stimulların zəifliyidir"
Rəsmi məlumata əsasən, hazrıda Azərbaycanda vergi borclarının həcmi 4 milyard 50,4 milyon manat təşkil edir. Bu məbləğ ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4% artıb.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, vergi borclarının həcminin artması iqtisadiyyatın tənəzzülünün göstəricisidir:
- Bu, iqtisadiyyatın boğulmasının daha bir işarəsidir. Yəni, bu ilin ilk yarısında vergi borcları kəskin artıb, yaxşı niyə artıb, kimdir borclular?! Dövlət şirkətləri arasında borclular çoxdur, təəssüf ki, ayrıca təsnifat aparılmır, amma, “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin böyük vergi borcları həmişə olub, indi də var. Narahatedici məsələ odur ki, indi özəl şirkətlərin də vergi borcu artır. Bu isə o deməkdir ki, onların dövriyyəsi, gəliri azalıb. Dövriyyə-gəlir azalıbsa, deməli yeni yatırımlar etmirlər - investisiya yoxdursa/azdırsa, deməli yeni iş yerləri yaranmır, iqtisadi aktivlik yavaşlayır, və s. Səbəb-nəticə bağını uzada da bilərdim – bütün bunların səbəbi iqtisadi artımın zəifləməsi, əlavə dəyərin daha az yaranmasıdır. Bu vəziyyətin səbəbi isə vergi-rüsum-cərimə siyasətinin yanlış olması, iqtisadi aktivliyi təşviq edən stimulların zəifliyidir.