Vaşinqtonda sadəcə sülh sənədi imzalamaq ABŞ üçün simvolik olardı
Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar. Erməni politoloq Suren Surenyants deyib ki, Azərbaycan artıq ABŞ-nin strateji tərəfdaşıdır. Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycanın SOCAR və ABŞ-nin neft nəhəngi “ExxonMobil” şirkətləri arasında əməkdaşlıq memorandumunun imzalanması sadəcə növbəti enerji sövdələşməsi deyil, həm də siyasi siqnaldır: "ABŞ Xəzər dənizinin enerji resurslarının tranziti məsələlərində Bakını strateji tərəfdaşa çevirərək Cənubi Qafqazda öz mövqelərini gücləndirir. Maraqlıdır ki, memorandum Zəngəzurdan keçən “Tramp yolu”nun tikintisinin də müzakirə edildiyi bir vaxtda imzalanır. Surenyants qeyd edib ki, ABŞ-nin strateji tərəfdaşına çevrilən Azərbaycan həm də Zəngəzur dəhlizi ilə bağlı hədəfinə də çatır: "Biz tost alırıq, Bakı isə konkret dividendlər alır".
İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a bildirib ki, ABŞ "Ankor" şirkətini öncədən Qafqazda lövbər saldırır. Ekspert vurğulayıb ki, Cənubi Qafqazda iqtisadi iştirak yalnız diplomatiya ilə yox, real biznes öhdəlikləri ilə bağlanmalıdır:
"ExxonMobil" şirkəti həm AÇG-də 6.8 payla, həm də BTC-də 2.5 faiz payla artıq sistem oyunçusudur. Yeni müqavilə isə bu varlığı növbəti mərhələyə daşıyır.
Unutmaq olmaz ki, siyasi risk aşağı düşən kimi regiona ciddi kapital axını olacaq. Zəngəzur dəhlizi isə yalnız gediş-gəliş yolu deyil. Nəqliyyat, enerji və rəqəmsal kommunikasiya arteriyasıdır. Buna görə də bu saziş ABŞ-nin vasitəçiliyi ilə bu dəhlizin iqtisadi doldurulması üçün “iri oyunçu gəlir” mesajı ola bilər. Nəzərə alaq ki, hələ iyun ayında açıqlanan "ExxonMobil"- SOCAR quru kəşfiyyat-hasilat razılaşmaları Azərbaycanın hasilatı stabil saxlamaq məqsədini daşıyırdı. İndi Vaşinqtondakı bu memorandum həmin xəttin siyasi dayağını daha da möhkəmləndirir".
E.Əmirov əlavə edib ki, dəhliz təkcə Naxçıvanla bağlantı üçün deyil, həm də Orta Asiya çox profilli enerji resurslarının Qafqaz üzərindən ötürülməsini da real edir:
"Zəngəzur dəhlizi beynəlmiləşəcək strateji tranzit koridoru olacaq. Vaşinqtonda sadəcə sülh sənədi imzalamaq ABŞ üçün simvolik olardı. ABŞ Qafqazlarda praktiki iqtisadi iz buraxmaq istəyir. "ExxonMobil"-SOCAR Memorandumu sülhdən bir gün öncə elan olunmaqla, regional oyunda ABŞ-nin iqtisadi payını rəsmiləşdirən texniki addımdı. Moskva-Tehran xətti üçün dağıdıcı effektdir.
Və nəhayət, bu proseslər Bakını sülh sonrası sürət zolağına çıxaran proseslərdir".