“Orta Dəhlizin mərkəzində yerləşən Azərbaycan yalnız tranzit yüklərin keçdiyi ölkə olmamalıdır. Eyni zamanda kiçik ölçülü bağlamaların, e-ticarət göndərişlərinin və sürətli yüklərin regional logistika mərkəzinə çevrilməlidir. Bunun üçün Azərbaycanda vahid və müasir ekspress-bağlama ekosistemi formalaşdırmaq mümkündür”.
Bu sözləri Sherg.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə mütəxəssis Rauf Ağamirzəyev deyib.
Mütəxəssis hesab edir ki, belə bir sistem ölkə üzrə geniş filial və poçtomat şəbəkəsini, regional çeşidləmə mərkəzlərini, rəqəmsal gömrük həllərini və beynəlxalq daşımaları vahid platformada birləşdirə bilər: “Bu şəbəkənin əsas qovşaqları yalnız Bakı ilə məhdudlaşmamalıdır. Gəncə, Sumqayıt, Yevlax, Şəki, Qəbələ, Quba, Lənkəran və digər regional mərkəzlərdə çeşidləmə və logistika məntəqələrinin yaradılması həm daxili daşımaların sürətini artırar, həm də Azərbaycanın müxtəlif bölgələrini beynəlxalq logistika sisteminə daha sıx bağlayar.
Eyni zamanda Orta Dəhliz üzərində beynəlxalq bağlamalar üçün regional çeşidləmə mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Belə mərkəz vasitəsilə Mərkəzi Asiya, Çin və Avropadan daxil olan və həmin istiqamətlərə göndərilən kiçik yüklərin daha sürətli emalı və yönləndirilməsi mümkün ola bilər.
Müasir logistika ekosisteminin digər vacib elementi isə rəqəmsallaşmadır. E-ticarət platformaları ilə birbaşa API inteqrasiyası, bağlamanın qəbulundan son ünvana çatdırılmasına qədər real vaxt rejimində izlənməsi, gömrük prosedurlarının maksimum dərəcədə rəqəmsallaşdırılması və müştəriyə ev, filial və ya poçtomat arasında seçim imkanının verilməsi sistemi daha çevik və əlçatan edə bilər.
Bu model xüsusilə kiçik və orta sahibkarlıq üçün əhəmiyyətlidir. Kiçik sahibkarın xarici bazara məhsul göndərməsi mürəkkəb və bahalı proses olmamalıdır. Sadə rəsmiləşdirmə, rəqəmsal izləmə və sürətli beynəlxalq çatdırılma imkanları yerli biznesin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.
Nova Post-un beynəlxalq fəaliyyətində də bu yanaşmanın əsas elementlərini görmək mümkündür. Bağlamaların tətbiq və ya API üzərindən rəsmiləşdirilməsi, müxtəlif çatdırılma nöqtələrinin seçilməsi və göndərişlərin izlənməsi artıq müasir ekspress-logistika sisteminin ayrılmaz hissəsinə çevrilib.
Bu zəncirin daha bir mühüm halqası isə hava daşımalarıdır. NOVA qrupunun öz yük aviaşirkəti – Supernova Airlines yaratması logistika prosesinin yalnız qəbul, çeşidləmə və son çatdırılma mərhələləri ilə məhdudlaşmadığını göstərir. Beləliklə, şirkət yükün hərəkətinin daha böyük hissəsini öz logistika ekosistemi daxilində idarə etmək imkanına malik olur”.
R. Ağamirzəyeib sözlərinə görə, Azərbaycan üçün də belə bir model strateji əhəmiyyət daşıya bilər:
“Bu halda Azərbaycanda yaradılacaq regional çeşidləmə mərkəzi Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya, Çin və Avropa ilə bağlama və yük daşımalarını birləşdirən əsas logistika qovşağına çevrilə bilər. Bu modeldə söhbət yalnız böyük konteynerlərdən getmir. Əksinə, 1 kq-lıq bağlamadan tutmuş kiçik biznes göndərişlərinə qədər hər bir yükün sürətli, rəqəmsal və izlənə bilən şəkildə daşınması təmin edilə bilər.
Orta Dəhlizin inkişafı ilə paralel olaraq Azərbaycan özünün “regional ekspress-logistika qapısını” da qurmalıdır.
Çünki gələcəyin logistikasında yalnız tonlarla yük deyil, milyonlarla kiçik bağlama da böyük iqtisadi dəyər yaradır.
Nova Poshta-nın 25 illik təcrübəsi göstərir ki, düzgün qurulmuş şəbəkə, rəqəmsallaşma və sürətli çatdırılma infrastrukturu bir şirkəti sadəcə kuryer xidmətindən milli və beynəlxalq logistika platformasına çevirə bilər”.
Mütəxəssis qeyd edib ki, 2001-ci ildə Ukraynada yaradılan Nova Poshta bu gün artıq sadəcə kuryer şirkəti deyil. Şirkət filial və poçtomat şəbəkəsi, anbar və fulfillment xidmətləri, rəqəmsal platformalar, beynəlxalq daşımalar və hətta öz yük aviaşirkətini — Supernova Airlines-i birləşdirən böyük logistika ekosisteminə çevrilib. 2026-cı ilin ilk yarısında NOVA qrupu 254,4 milyon bağlama və yük emal edib, bunun 17,9 milyonu beynəlxalq daşımaların payına düşüb.