Əhalinin gəlirlərinin yarısı ərzaq məhsullarına xərclənir

2025-ci ilin yanvar-noyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571.3 milyon manatlıq məhsul satılıb. Bu məbləğin 31 milyard 937.1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634.2 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

Sherg.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.2 faiz, qeyri-ərzaq mallarında isə 6.7 faiz olub.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50.4 faizi ərzaq məhsullarının, 4.1 faizi içkilər və tütün məmulatlarının, 14.9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına yönəlib. Bundan əlavə, xərclərin 6 faizi avtomobil benzini və dizel yanacağına, 4.8 faizi elektrik malları və mebellərə, 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1.4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf edilib. Qalan 16 faiz isə digər qeyri-ərzaq mallarının payına düşüb.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri real ifadədə 3.7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.8 faizini təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 7 faiz, fərdi sahibkarlar üzrə 1.2 faiz, bazar və yarmarkalar üzrə isə 4.8 faiz yüksəlib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519.9 manatlıq məhsul alıb. Bunun 283.5 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 236.4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.