Ekspert: Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir

Yəni ümumi ticarətin 80 faizi Rusiyanın xeyrinə işləyir
“Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac var”
Rusiyanın müxtəlif dairələrində ölkəmizlə münasibətlərdəki gərginliyin Azərbaycanın iqtisadi durumuna, ələlxüsus da ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddia edilir. Maraqlıdır, onlar doğrudan anlamır ki, Azərbaycanla ticarət dövriyyəsində qazanan tərəf məhz Rusiyadır?
Bu barədə Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. 
Onun sözlərinə görə, Azərbaycan ötən il Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, qarşılığında Rusiyadan 3,6 milyard dollarlıq məhsul idxal edib:
 “Nəticədə Azərbaycan üçün Rusiya ilə ticarətdə 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo əldə edib. 2025-ci ilin ilk 6 ayının rəqəmləri də göstərir ki, vəziyyət dəyişmir. İxracımız cəmi 6,1 faiz artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20 faiz artıb və 2 milyard dollara yaxınlaşıb. Yəni hər il, hər hesabat dövründə mənzərə eynidir. Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur. Niyə Donald Tramp ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi saldosu olan ölkələrə tarif tətbiq edir? Çünki o bilir ki, müsbət ticarət saldosu olan ölkələr “çörək verən” ölkədir. Bəli, Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir. Yəni ümumi ticarətin 80 faizi Rusiyanın xeyrinə işləyir. Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac vardır. Asan proses olmasa da, amma alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür. Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq.  Onsuz da əsl inkişaf və tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil!”.