Yaxın Şərqdə artan gərginliklə əlaqədar rəsmi Tehran daxili bazarı qorumaq məqsədilə preventiv addımlar atmağa başlayıb. İranın Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyini təmin etmək üçün yumurta, pomidor və xurmanın ixracına müvəqqəti qadağa tətbiq edib.
Azərbaycan bir sıra ərzaq məhsullarını məhz İrandan idxal edir. Bu məhsullar daxili bazarda mühüm paya malikdir. İran məhsullarının yerli bazarla müqayisədə 10-20 faiz, aşağı qiymətə təklif olunması, əhalinin böyük bir qisminin bu mallara üstünlük verməsinə səbəb olur. Yaxın Şərqdə davam edən gərginlik region ölkələri ilə iqtisadi əlaqələrin gələcəyi və idxal olunan məhsulların qiymətləri ilə bağlı narahatlıqları gücləndirir.
Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Sherg.az-a bildirib ki, hazırkı mərhələdə bazarda ciddi panika üçün əsas yoxdur:
“Lakin proseslərin uzanması müəyyən risklər yarada bilər. Azərbaycan İrandan əsasən, kartof, pomidor, xurma idxal edir. Ölkədə hal-hazırda, kartofun mövsümüdür. Bir neçə gündən sonra Azərbaycanda faraş kartofa tələbat artacaq. Bazarda yerli kartof onsuz da azdır. Qiymətləri də kifayət qədər yüksəkdir. Bu səbəbdən idxalın dayanması qiymət təzyiqi yarada bilər. Eyni zamanda, ölkədə damazlıq yumurtanın istehsalı da az həcmdədir. Lakin alternativ ölkə kimi Türkiyədən yumurta gətirməklə, çıxış yolu tapmaq olar. Ramazan bayramı ərəfəsində xurmaya tələbatın artması da diqqət mərkəzindədir. Azərbaycan xurma istehsal etmir. Ancaq sahibkarlarımız bayram ilə əlaqədar İrandan kifayət qədər xurma tədarük ediblər. Mövcud vəziyyətdə alternativ ölkələrdən idxal mümkün olsa da, qiymətlərin yüksələcəyi istisna edilmir”.
Mütəxəssisin sözlərinə görə, mart-aprel aylarının sonuna doğru bazara daha çox yerli məhsulun çıxacağını görəcəyik:
“Pomidor bazarında isə vəziyyət fərqlidir. İrandakı münaqişədən əvvəl də pomidorun qiymətində artım müşahidə olunurdu. Alternativ tədarük kanalları vaxtında qurularsa, bazarda kəskin qıtlıq yaranmaz. Əks təqdirdə, məhsulların seçim çeşidi azalacaq. Ölkəmizdəki işbazlar da yaranmış fürsətdən istifadə edərək, qiymətləri artıracaqlar. Azərbaycanda alıcılıq qabiliyyətinin aşağı olması qiymət artımını məhdudlaşdıran əsas faktordur. Sahibkarlar yaxşı anlayırlar ki, qiymətlərin süni şəkildə artırılması, məhsulların zay olmasına gətirib çıxara bilər. Əhali elə bir vəziyyətdədir ki, əvvəllər 1 kilo aldığı pomidoru, indi 3,4 dənə almağa məcbur qalır. Azərbaycan eyni zamanda İrandan keyfiyyətli və ucuz yağ, süd məhsulları idxal edir. Gələcəkdə bu məhsulların da ixracına qadağa qoyula bilər. Mövcud situasiyada qiymət artımı üçün iqtisadi əsaslar zəifdir. Lakin Yaxın Şərqdə müharibənin aylarla, hətta illərlə davam etməsi halında vəziyyət xeyli çətinləşə bilər”.