Gürcüstan, Ermənistan qazanır, Azərbaycan itirir - Natiq Cəfərlinin ŞƏRHİ

  • Azərbaycana gələn turistlərin sayı isə son bir ildə 14% azalıb. Bu, quru sərhədlərin turizmin inkişafına böyük əngəl olduğunu sübut edən faktdır

Ölkəyə gələnlərin də sayı azalıb, ölkədən gedənlərin də. Rəsmi statistikaya görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatında həmçinin qeyd olunur ki, hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 2,4 % azalaraq 1 milyon 160,1 min nəfər olub. 7 ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 70,4 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib. 

Bir sıra mütəxəssislər ölkəyə gələnlərin və ölkədən gedənlərin sayının azalmasına əsas səbəb kimi quru sərhədlərin hələ də bağlı qalmasını göstərirlər. Bununla yanaşı, “otel, gecələmə, istirahət məkanlarında qiymət bahalığı da turistləri gəldiyinə peşman edir”, deyilir.

İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib. Sənəd yaxşıdır, doğru təsbitlər, düzgün istiqamətlər var. Sadəcə, məsələ odur ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil. Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır: 

- Çox sadə misallarla bunu dəfələr izah etmişik, bir də deyək. Gürcüstan öz əməyi və doğru siyasəti, “turizm məhsulları icad etmək” nəticəsində regionda turizmin mərkəzinə çevrilib, bu, artıq faktdır. Qonşu ölkələr bundan doğru istifadə etməlidirlər. Avropa, ABŞ, Yaponiya, Çin, kimi çox pul xərcləyən yerlərdən gələn turistlər bir bölgəyə gedəndə, çalışırlar ki, ətraf ölkələrə də səfər etsinlər, çünki, Cənubi Qafqaz bir dəfə səfər ediləsi coğrafiyadır. İndi nə baş verir, tutalım, Polşadan böyük bir turist qrupu Gürcüstana gəlir, 2-3 gün gəzdikdən sonra minir avtobusa Ermənistana keçir, 1-2 gün oranı da gəzir, sonra həmin avtobusla Azərbaycana da gəlmək istəyir – amma, sərhəddi keçə bilmir. Bu turizmə, əsasən də Qax-Şəki-Qəbələ və Gəncə-Qazax bölgəsinin turizm potensialına böyük zərbə vurur. Ermənistan bunu anladı və Gürcüstanla birgə turizm layihələri həyata keçirməyə başladılar – son bir ildə Ermənistana turist səfərləri 19% artıb. Azərbaycana gələn turistlərin sayı isə son bir ildə 14% azalıb. Bu, quru sərhədlərin turizmin inkişafına böyük əngəl olduğunu sübut edən faktdır.