Bu, artıq statistika deyil, narazılıqdır, ümidsizlikdir
Sahibkar kredit ala bilmir, iş yeri açmaq risklidir, fərman icra olunmur
"2023-cü ildə Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb. Məqsəd illərlə sənədsiz qalan qeyri-yaşayış obyektlərini rəsmiləşdirmək, sahibkarın əlini-qolunu açmaq, iqtisadiyyata nəfəs vermək idi". Bunu "Şərq"ə açıqlamasında millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib. Deputatın sözlərinə görə, Fərmanla bağlı 18 mindən çox müraciət edilib: 
"Amma bu müraciətlərin nəticəsi nə olub? Cəmi 4-5 min obyekt sənədləşdirilib. Bu nə deməkdir? Bu o deməkdir ki, hər 5 sahibkardan 4-ü hələ də nəticə ala bilməyib. Bu, artıq statistika deyil, narazılıqdır, ümidsizlikdir. Sahibkar deyir ki, sənədləri verdim, aylarla cavab yoxdur. Bir idarə deyir başqa quruma get, o biri deyir yenidən müraciət et. Biri razılıq verir, digəri imza atmır. Bu, sahibkarlıq üçün şərait deyil, bürokratik labirintdir. Bu gün sənədi olmayan obyekt nə deməkdir? O deməkdir ki, sahibkar bankdan kredit ala bilmir, obyektini sata bilmir, girov qoya bilmir. İşini böyütmək istəsə də, riskə girə bilmir. Nəticədə nə olur? İş yerləri açılmır. Pul dövriyyəyə girmir. Dövlət də, vətəndaş da uduzur. Bir məsələ də var. Bu prosedur üçün son tarix qoyulub - 2026-cı il. Amma bu temp ilə gedilsə, minlərlə sahibkar vaxta çatmayacaq. Sonra nə olacaq? Yenə problem, yenə narazılıq. Açıq deməliyik. Fərmanın niyyəti doğru idi, amma icrası zəifdir. Problem qanunda yox, mexanizmdədir".
Parlament üzvü çağırış edib ki, prosedurlar sadələşdirilməlidir: "Cavab müddətləri konkret olmalıdır. Sahibkar aylarla havada saxlanmamalıdır. Vaxt 2026-cı ildə bitir. Vaxt uzadılmalı, insanlara real imkan verilməlidir. Portalda qeydiyyatdan keçmək zamanı uzadılmalıdır. Araşdırma göstərir ki, Prezident fərmanında nəzərdə tutulan dövlət orqanlarının heç biri üzərinə düşən vəzifəni tam məsuliyyətlə yerinə yetirməyib. Əgər biz bu məsələni indi həll etməsək, sabah bu problem daha böyük sosial narazılığa çevriləcək. Sahibkar sıxıntı çəkirsə, ölkə inkişaf etmir. Sahibkar qazanmırsa, dövlət də qazanmır".