İqtisadçı: 2026-cı ildə kommunal xidmətlərdə və nəqliyyatda qiymət arta bilər

Kənd təsərrüfatı məhsullarında isə qiymət dəyişiklikləri ənənəvi qaydada - mövsümi xarakter daşıyacaq

Rauf Qarayev: Vergi Məcəlləsindəki dəyişikliklər fonunda iş yerlərinin azalması ehtimalı da mövcuddur

2026-cı il qiymət dəyişikliyi ilə başladı. İl ərzində iqtisadi vəziyyət necə olacaq? İqtisadçı Rauf Qarayev iqtisadi proqnozlarını təqdim edib.

R.Qarayev “Sherg.az”a açıqlamasında 2025-ci ilin sonlarına gəldiyi qənaətin artıq təsdiqini tapdığını dedi:

- Xüsusən kommunal sahədə proqnozlar özünü doğrultdu. 2026-cı ildə kommunal xidmətlərdə və nəqliyyatda qiymət artımı ehtimalı mövcuddur. Limit sistemlərinə yenidən baxılması da müzakirə olunur. İqtisadçının sözlərinə görə, Vergi Məcəlləsində edilən dəyişikliklər göstərir ki, sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər mərhələli şəkildə aradan qaldırılacaq. Bu güzəştlərin məqsədi sahibkarların vergi yükünü azaltmaq, işçi qəbulunu stimullaşdırmaq və özəl sektorun inkişafına şərait yaratmaq idi. Eyni zamanda ƏDV ilə bağlı dəyişikliklər də nəzərdə tutulur və limitlərin artırılması müsbət hal kimi qiymətləndirilə bilər. Lakin bu dəyişikliklərin tətbiq mexanizmlərində müəyyən nüanslar mövcuddur və onların kimlərə şamil ediləcəyi dəqiqləşdirilməlidir. Ümumi mənzərəyə baxdıqda, Vergi Məcəlləsindəki dəyişikliklər fonunda iş yerlərinin azalması ehtimalı da mövcuddur. Bundan əlavə, Əmək Məcəlləsində də bir sıra dəyişikliklər nəzərdə tutulur. Xüsusilə distant işlə bağlı müddəalar müsbət qiymətləndirilə bilər. Bu dəyişikliklər işəgötürənlərin xərclərini azaldır və xüsusilə informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün yeni imkanlar yaradır. Büdcə baxımından bəzi layihələrin icrasının dayandırılması mümkündür. Maliyyə Nazirliyi qənaət məqsədilə əlavə addımlar ata bilər. Büdcə təşkilatlarında yoxlamaların sayının artması və vəsaitlərin səmərəsiz xərclənməsinin qarşısının alınması bu siyasətin əsas istiqamətləri olacaq. Qiymət artımna gəlincə, bu, əsasən idxaldan asılı məhsullarda müşahidə oluna bilər. Kənd təsərrüfatı məhsullarında isə qiymət dəyişiklikləri ənənəvi qaydada - mövsümi xarakter daşıyacaq.