İqtisadçı: Avropada əhalinin bir çoxu kirayədə yaşamağa üstünlük verir

Almaniyada əhalinin 53 faizi kirayə mənzillərdə yaşayır.

"Sherg.az" "Euronews"a istinadən xəbər verir ki, Almaniya Avropada kirayəçi sayının ən çox olduğu ölkədir:

"Almaniya Kirayəçilər Birliyinin məlumatına görə, Xüsusilə paytaxt Berlin şəhərində kirayə mənzildə yaşayanların payı 84 faizə çatır. Mütəxəssislərin fikrincə, yüksək kirayə haqları və artan daşınmaz əmlak qiymətləri mənzil sahibi olmağı hər keçən gün daha da çətinləşdirir".

İqtisadçı Samir Əliyev də "Sherg.az" a açıqlamasında bildirib ki, Avropa ölkələrində əhalinin bir çoxunun öz evi yoxdur və onlar daha çox kirayədə yaşamağa üstünlük verirlər:

" Eurostatın 2024-cü il üzrə məlumatına görə, Almaniyada əhalinin 53%-i, Avstriyada 46%-i, Danimarkada 39%-i kirayədə yaşayır. Ancaq digər ölkələrdə, xüsusilə də postsosialist ölkələrində bu göstərici daha aşağıdır. Rumıniya (94%), Slovakiya (93%), Macarıstan (92%), Xorvatiya (91%) kimi ölkələrdə əhali yaşadıqların evin mülkiyyətçisi olmasına üstünlük verir. Avropa Birliyi ölkələrində əhalinin ortalama 2/3-si (68%) fərdi evə sahibdirlər. Bir sıra ölkələrdə kirayə yaşayışın yüksək olmasının bir səbəbləri var. Bura evlərin qiymətinin baha olması, ipoteka krediti götürmək istəyən əhalinin ilkin ödənişi ödəmək qabiliyyətinin olmaması, kirayə müqavilələrinin uzunmüddətli olması və kirayədə qalanın istənilən vaxt evdən çıxartmağın çətinliyi və iri şəhərlərdə işə yaxın məkanlarda yaşamaq arzusu daxildir".