Rauf Qarayev: Bu, 2027-ci ilin məhsul yığımını birbaşa təhlükəyə atır və dünyada əlavə 45-49 milyon insanı kəskin aclıq riski ilə qarşı-qarşıya qoyur
Dünyamız hansı fəlakətlə üz-üzədir ki ABŞ, Böyük Britaniya, Yaponiya kimi böyük dövlətlər əhaliyə hazırlıqlı olmağı, ərzaq, su, dərman, nağd pul ehtiyatı görməyi tövsiyə edir? 2027-ci ildə ərzaq, su qıtlığnıın olacağı proqnozları son illərdə zatən səslənirdi. Səbəb nədir və həqiqətən də dünyamızı, insanları fəlakət gözləyirmi?
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, JPMorgan və S&P Global kimi nəhəng maliyyə qurumlarının son hesabatlarına görə, Yaxın Şərqdəki münaqişələr səbəbindən Hörmüz boğazı və digər kritik dəniz yollarında daşımaların məhdudlaşması qlobal azot və kalium gübrələrinin, eləcə də dizel yanacağının tədarükünü kəskin şəkildə iflic edib. Gübrə qiymətlərinin kəskin artması və qıtlığı səbəbindən 2026-cı ildə əkilən sahələrin məhsuldarlığı azalıb. Kənd təsərrüfatındakı bu dövrü gecikmə, əsas taxıl və paxlalı bitkilərin qiymətlərinin məhz 2027-ci ilin birinci yarısında qlobal olaraq 5-12% artmasına və ciddi ərzaq qıtlığına yol açacağı gözlənilir:

- BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, 2026-cı ilin sonlarında pik həddə çatan güclü El-Nino iqlim hadisəsi Avstraliyada, Cənubi Asiyada və Afrikada quraqlıqlara, Braziliyada isə sel fəlakətlərinə səbəb olub. Bu, 2027-ci ilin məhsul yığımını birbaşa təhlükəyə atır və dünyada əlavə 45-49 milyon insanı kəskin aclıq riski ilə qarşı-qarşıya qoyur. Ukrayna və Rusiya arasındakı gərginliyin taxıl dəhlizlərinə təsiri, eləcə də Yaxın Şərqdəki genişmiqyaslı müharibələr qlobal logistikanı tamamilə bahalaşdırıb. Xammal və neft qiymətlərindəki dalğalanmalar inflyasiyanı idarəolunmaz edir.
R.Qarayev nağd pul saxlamaq və ya əsas ehtiyatları toplamaq tövsiyələrinin populyarlaşmasının səbəbini izah etdi:
- Burada kiberhücum və bank sistemləri riskinin olduğu bildirilir. Müharibələrin həm də kiber məkana daşınması, gələcəkdə qlobal bankçılıq və rəqəmsal ödəniş sistemlərinin, məsələn, SWIFT və ya yerli kart sistemlərinin müvəqqəti çökə biləcəyi qorxusunu yaradır. Belə vəziyyətlərdə fərdlərin əlində müəyyən miqdarda fiziki nağd pulun olması tövsiyə edilir. Maliyyə bazarlarında qeyri-müəyyənlik də var. Mərkəzi bankların yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırması iqtisadi artımı zəiflədir və iqtisadi tənəzzül riskini pikə çatdırır. İnsanlar iş yerlərini itirmək və ya aktivlərinin dəyərsizləşməsi qorxusu ilə daha likvid, yəni asan xərclənən, nağd vəsaitlərə üstünlük verirlər.
R.Qarayev qeyd etdi ki, 2030-cu il bir çox beynəlxalq təşkilatlar - BMT, Dünya İqtisadi Forumu və s. üçün "Yaşıl Enerjiyə Keçid", "Dayanıqlı İnkişaf" hədəflərinin son nöqtəsidir.
-Bu keçid dövründə neft-qaz kimi ənənəvi enerjidən imtina və yeni rəqəmsal iqtisadiyyata - süni intellekt, rəqəmsal valyutalara keçid prosesi sancılı olur. Belə keçid dövrləri qlobal güc mərkəzlərinin dəyişdiyi və iqtisadi sistemlərin yenidən qurulduğu "keçid böhranı" illəri kimi qiymətləndirilir.