
Köhnə avtomobillərə VİDA - Əlçatan elektromobillər dövrü başlayır
Ekoloji təmiz avtomobillər təbliğ olunur və alınması təşviq edilir. Məlumdur ki, taksi xidməti ilə bağlı qəbul olunmuş yeni qaydalara əsasən istehsal ili 15-dən çox olan avtomobillərin sürücülərinə taksi xidməti göstərməyə icazə verilmir. Taksi xidməti şirkətlərinə də avtomobil parklarını yeniləmək tövsiyə olunub. Yeni qaydalar maşın bazarına da təsirsiz ötüşməyib. Globalinfo.az-ın xəbərinə görə, Azərbaycan avtomobil sektorunda dinamika müşahidə olunur. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev sayta açıqlamasında bildirib ki, artıq bir neçə ildir ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə xüsusi güzəştlər tətbiq olunur. Bu güzəştlər nəticəsində həmin avtomobillərin qiymətləri xeyli aşağı düşüb və bu da vətəndaşlar üçün onları daha əlçatan edir. Nəticədə köhnə avtomobil parkımız tədricən ekoloji təmiz nəqliyyat vasitələri hesabına yenilənir. Bu tip avtomobillərə tətbiq olunan güzəştlər nəticəsində illərdir ölkəmizdə süni şəkildə şişirdilmiş ikinci əl bazarında, xüsusən yaşı 10-15 ildən yuxarı olan avtomobillərin baha qiymətə satılmasına bazarın özü tərəfindən tənzimlənmə gətirilib. Belə avtomobillərin satışı nəzərəçarpacaq dərəcədə azalıb və qiymətlərində enmə müşahidə olunur. Əvvəllər 15 illik avtomobillər bazara çıxarılırdı və 35-40 min manat civarında qiymətləndirilirdi. Hazırda isə bazar bu qiymətləri real vəziyyətə uyğunlaşdırıb.
Lakin E.Əliyev hesab edir ki, avtomobil alışı rəsmi dilerlərdən alınması məsləhətdir, çünki fərdi şəxslər tərəfindən idxal olunmuş avtomobillərin gələcəkdə texniki qüsurlar səbəbindən istehsalçı zavod tərəfindən geri çağırılması hallarında məsuliyyət alıcının üzərində qalacaq. Fərdi yolla alınan avtomobillərə belə çağırışlar çatmır və nəticədə vətəndaş problemli avtomobillə tək qalır. Rəsmi distribütor vasitəsilə alınan avtomobillərdə isə bu cür problemlər yarananda məsələni distribütor həll edir. Bu yaxınlarda bəzi yapon markalarının ölkədə satışa çıxarılan avtomobilləri texniki səbəblərə görə geri çağırılıb və vətəndaşlara yeni avtomobillərlə əvəz olunub. Məhz bu səbəbdən də vətəndaşların daha rahat və təhlükəsiz avtomobillərdən istifadə etməsi tövsiyə olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu gün ölkəmizdə dünyanın əksər məşhur avtomobil markalarının rəsmi nümayəndəlikləri, servis xidmətləri var:

- Onlar avtomobilləri ölkəyə gətirib burada zəmanətlə satırlar. 5-10 il zənanət verirlər. Buna paralel olaraq təzə avtomobilləri qeyri-rəsmi şəkildə gətirənlər də var. Müxtəlif ölkələrdən, məsələn, tutalım Çindən gətirirlər, amma zəmanət verə bilmirlər. Sadəcə, 5-10 min manat aşağı qiymətə satırlar, amma bir neçə aydan sonra avtomobildə hansısa nasazlıq yarananda, satıcı deyir zəmanətsiz satmışam, servis xidməti deyiləm, dəyişim, yaxud hansısa detalını tapım, təmir elətdirim. Beləliklə, alıcı problemlə baş-başa qalır. Ona görə də məsləhət görülür ki, rəsmi nümayəndəliklərdən avtomobil alınsın, hər hansı problem yaranarsa da, onu nümayəndəlik həll etsin. Mən də bunun tərəfdarıyam ki, avtomobil alınanda onun istehsalçı - zavod zəmanəti olsun. Köhnə avtomobillərə gəlincə, təhlükəsizlik tələblərinə sovetin köhnə maşınları cavab vermir artıq. Həm ekoloji təmiz daha təhlükəsiz avtomobillərə sahib olsunlar ki, qəza baş verdikdə, xəsarət, ölüm halları az olsun. Ekoloji cəhətdən təmiz avtomobillərin havaya karbon qazının ötürmə əmsalı aşağıdır. Bu da bizim hamımız üçün, iqlim və təmiz havaya sahib olmağımız üçün çox önəmlidir. E.Cəfəfov bildirdi ki, hibrid, elektromobil maşınların qiyməti ucuz deyil. Ona görə dövlət onları rüsumdan azad edib ki, sahibkarlar rahat şəkildə ölkəyə gətirə bilsinlər, qiymət vətəndaş üçün də əlçatan olsun:
- Təzə avtomobil almaq, əlbəttə, bu gün hər kəs üçün əlçatan deyil. 2015-16-cı il devalvasiyasından sonra avtomobillərin qiymətində artım müşahidə edildi, yəni dollar ekvivalentində. 2015-ci ildə 19 minə satılan avtomobilin qiyməti 2017-ci ildə 30 min manata yüksəldi. Avtomobil parkında sürətlə köhnəlmə getdi, çünki insanlar yeni avtomobil ala bilmədilər, köhnələri almağa başladılar. Vəziyyət belə olduqda banklara tövsiyə olundu ki, kredit şərtləri sadələşdirilsin, vətəndaşlar təzə avtomobil ala bilsinlər. Nəticədə elektromobillərə kredit şərtləri sadələşdirildi. Lakin bu ilin əvvəlindən məlum oldu ki, bəzi kommersiya bankları kredit şərtlərini yenidən çətinləşdirib. Buna görə də yeni istehsal avtomobil bazarında durğunluq yaranıb. Bəzi kommersiya bankları yeni avtomobillərin alışı üçün faiz dərəcəsini yüksəldir, kredit şərtlərini ağırlaşdırır, hətta yüksək maaş alan vətəndaş da belə şərtlər altında yeni avtomobil almaq fikrindən vaz keçir. Bir tərəfdən istəyirik ki, ekoloji təmiz avtomobillər çox olsun, avtomobil parkımız yenilənsin, bir tərəfdən də kredit şərtləri ağırlaşdırılır.