Su ilə bağlı qərar sadə vətəndaşlara birbaşa təsir etməyəcək, amma... - İqtisadçı

  • Bununla belə bu qərar kiçik sahibkarlar və aqrar sektor üçün ciddi çətinlik yaradacaq

  • "Məsələn, süni balıq gölləri üçün "su obyektlərindən" su götürməyə görə bu günə qədər vahid tarif mövcud deyildi. Bundan sonra tarif artıq müəyyən edilib və tətbiq ediləcək"

Bu gündən etibarən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə ödəniş tələb olunacaq. Bir neçə gündür bu məsələ ətrafında müzakirələr səngimir, sudan istifadəyə görə yeni tariflərin müəyyənləşməsi fermer təsərrüfatları, kiçik müəssisələr, iaşə obyektləri, ümumən sahibkarlıq fəaliyyətinə əngəl hesab edilir. Əsas da, yeni qaydaların həm kənd təsərrüfatı məhsullarının qiymətinin yüksəlməsinə, iaşə xidmətləri üçün ödənişlərin artacağına səbəb olacağı bildirilir. 

İqtisadçı Razi Abbasbəyli hesab edir ki, yeni tariflər, qaağa və cərimələr kiçik və orta sahibkarlığa qarşı maneədir. İqtisadçı Sherg.az-a açıqlamasında bildirdi ki, yeni qərara əsasən, suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur. Lakin: 

- Qərarda "su obyektlərindən suyun götürülməsi" ifadəsi aydın deyil. Söhbət hansı su obyektlərindən gedir? Çaylardan, göllərdən, yoxsa su anbarlarından? Buradakı qeyri-müəyyənlik qadağanın tətbiqini də qeyri-müəyyən edir. Düzdür, qərar sadə vətəndaşlara birbaşa təsir etməyəcək. Bu içməli su tariflərini artırmayacaq. Bununla belə bu qərar kiçik sahibkarlar və aqrar sektor üçün ciddi çətinlik yaradacaq. Məsələn, süni balıq gölləri üçün "su obyektlərindən" su götürməyə görə bu günə qədər vahid tarif mövcud deyildi. Bundan sonra tarif artıq müəyyən edilib və tətbiq ediləcək. Və yaxud da zavod, fabrik, istixana, iri təsərrüfat və digər sahibkarlıq subyektləri çaydan, göldən, yeraltı mənbələrdən və ya Xəzər dənizindən su götürəndə ödəniş etməli olacaqlar. Təmizlənmiş tullantı sularını çay, göl və ya dənizə axıdanda da ödəniş ödəyəcəklər. Bu qərar birbaşa olaraq sahibkarlara çətinliklər yaradacaq. Yəni bir fərdi sahibkar və fiziki şəxs artezian suyundan bundan sonra pulsuz istifadə edə bilməyəcək. Bunun mal və məhsulların qiymətinə təsiri mütləq olacaq. Və yaxud da çirkli suları Xəzər dənizinə və ya çaylara axıtmağa görə də rüsum ödənilməsi tələb olunacaq (bu məsələdə rüsum tələbini anlayışla qarşılamaq olar. Su hövzələri çirkləndirilmədən qorunmalıdır. Amma sudan istifadəyə görə ödəniş məsələsi daha konkret açıqlanmalıydı - red.). Bir sözlə, bu qərar kiçik və orta sahibkarlığa maneədir. Hansısa kiçik sahibkar çaydan su götürüb qablaşdırıb satışa çıxarsa pul ödəyəcək. Sadalamaqla bitməz. Yəni daha bir qadağa və daha bir sahibkarlara qarşı cərimə.