Vüqar Bayramov: "Kazino biznesi Azərbaycanda gəlmə turizmin inkişafında mühüm amil ola bilər"

  Qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. 2023-cü ildə bazar 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollar yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun  daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını tələb edir. Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik ölkə olsa da, turizm gəlirlərinə görə daha öndədir. Bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb. Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, xüsusilə də Azərbaycandan gəlir. Qazaxıstanda kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib. Özbəkistan 2025-ci ildə qumar oyunları üçün lisenziyalar verməyə başlayıb. Çünki rəsmi məlumata görə, 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn oyunlara təxminən 1 milyard dollar xərcləyiblər. Qeyri-rəsmi hesablamalara görə isə bu rəqəm 7-8 milyard dollardır. Özbəkistanda kazinolar leqallaşdırıldıqdan sonra bu sahədən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır. 2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Hətta BƏƏ-də uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə ilk kazinonun açılması gözlənilir. Çində də xüsusi ərazidə - Makaoda kazinoya icazə verilir və burada 30-dan artıq kazino var. Makao gəlirlərinin 80 faizi kazino fəaliyyətindəndir. Sinqapur, Filippin, Monako və Kamboca kimi digər ölkələr də kazinolarda oynamaq üçün bu ölkələrə gələn turistlərdən əhəmiyyətli gəlir əldə edirlər.   Mütəxəssislərin fikrincə, kazinoların fəaliyyətə başlamasının Azərbaycana gələn turist sayına böyük təsiri olacaq. Azərbaycanda kazinoların işləməməsi turizm sektoruna ciddi zərbə vurur. Onların fəaliyyəti Azərbaycana üst seqment turistləri cəlb etməklə ölkədə turizmin daha çox inkişafına təkan verəcək. Bu həm yeni iş yerlərinin açılmasına, həm də ölkə iqtisadiyyata böyük töhfə verəcək. Azərbaycanda bu əyləncə növünə maraq göstərənlər uzun illərdir ki, xarici ölkələrə üz tuturlar. Bu isə milyonlarla manat vəsaitin xaricə axması deməkdir. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərinin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür. Ölkədə kazinoların fəaliyyəti leqallaşdırılsa, həmin vəsaitlərin xaricə axını da dayanacaq. Bu addım ölkəmizdə hotel, restoran biznesinin inkişafına, vergi daxilolmaları, müxtəlif iqtisadi aktivlik, infrastrukturun inkişafı və digər istiqamətlərdə müsbət təsirlər yarada bilər. Ölkəmizdə kazinoların olmaması bir çoxlarını onlayn oyunlara sövq edir. Bu isə bir çox hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Bu baxımdan ölkəmizdə də bu sahənin fəaliyyətinin hüquqi bazası formalaşarsa, dövlət büdcəsinə əlavə gəlirlərin yeni bir mənbəyi açılmış olar. Dünyanın bəzi yerlərində (məsələn, Monako, Makao, Las Veqas və s.) kazino sektoru şəhərlərin əsas iqtisadi dayağıdır. Kazino sənayesi sayəsində dövlət büdcəsinə stabil və yüksək məbləğdə vergi axını təmin edilir. Bu gəlirlər sosial və infrastruktur layihələrin icrasına yönəldilə bilər. Kazinolar birbaşa və dolayı yolla minlərlə iş yeri yaradır. Eyni zamanda kazino turizmi olan bölgələrdə yollar, hava limanları, hotellər və digər obyektlər təkmilləşdirilir. Bu infrastrukturdan isə yalnız turistlər yox, yerli əhali də faydalanır. Xüsusilə Xəzəryanı zonalarda və sərhədə yaxın turistik bölgələrdə bu cür obyektlər xarici turistlər üçün cəlbedici ola bilər. Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir. Bu, həm də ölkənin “premium turist” bazarında mövqeyini gücləndirər, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli və yüksək gəlirli ziyarətçiləri cəlb edə bilər. Azərbaycanda gizli kazinolar yaradılır və dəfələrlə hüquq-mühafizə orqanları bu cür obyektləri aşkar edib. Bundan başqa fırıldaqçılıqla məşğul olan onlayn-kazinolar var. Ölkədə turizmin inkişafı üçün Sea Breeze kimi ərazidə kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olardı. 
  Millət vəkili Vüqar Bayramov bildirib ki, son illər müxtəlif alətlər, eləcə də kazinolar vasitəsi ilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur. Deputat vurğulayıb ki, bu turizm sektorunda daxil olmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir: 
"Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur. Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir". 
 Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını daha da aktuallaşdırıb:
 "Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Belə ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir. Tədqiqatlar göstərir ki, bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin Azərbaycandan səfər edən turistlərdən daxil olur".