27 ildir dünyanı piyada gəzir: Heç bir nəqliyyat vasitəsindən istifadə etmir

İngiltərəli səyyah Karl Buşbi 1998-ci ildən bəri dünyanı yalnız piyada və fasiləsiz şəkildə gəzir. O, təyyarə, gəmi və ya hər hansı nəqliyyat vasitəsindən istifadə etmədən qitələri birləşdirməyi hədəfləyən “Goliath Expedition” layihəsini həyata keçirir.

Sherg.az xəbər verir ki, Buşbi səfəri zamanı Patagoniyadan Alyaskaya qədər piyada yol qət edib, Berinq boğazını donmuş dəniz üzərindən keçərək Asiyaya daxil olub. Daha sonra Rusiya, Monqolustan və Çini adlayaraq 2025-ci ildə Türkiyə üzərindən Avropaya çatıb.

Səyyah yol boyu Darien keçidi kimi keçilməsi mümkünsüz sayılan cəngəllikləri, -40 dərəcəyə çatan soyuqları və vəhşi təbiət təhlükələrini aşıb. Onun qarşılaşdığı əsas çətinliklərdən biri isə viza, sərhəd və bürokratik maneələr olub. Xüsusilə Rusiya və Şengen zonası ilə bağlı məhdudiyyətlər səbəbilə yürüşü dəfələrlə dayandırmaq məcburiyyətində qalıb.

Karl Buşbi bu səfəri rekord cəhdi deyil, insanın dünya ilə münasibətini yenidən dərk etmə yolu kimi qiymətləndirir. Layihə hələ tamamlanmasa da, Buşbi artıq müasir kəşf tarixində insan iradəsinin simvolu kimi tanınır.