ABŞ-da alimlər təbiətin əsas qanunlarına meydan oxuyan yeni bir maddə sinfi kəşf ediblər.
İsitdikcə kiçilən və təzyiq altında genişlənən yeni nəsil materiallar hazırlayıblar.
Sherg.az xəbər verir ki, Çikaqo Universitetinin Molekulyar Mühəndislik Fakültəsi ilə Kaliforniya San Dieqo Universitetindən olan alimlər, termodinamikanın əsas qanunlarına zidd reaksiya göstərən yeni bir maddə sinfi kəşf ediblər. Yeni tapılan bu metastabil maddələr isitdikdə həcmcə kiçilir, yüksək təzyiq altında isə genişlənir.
Çikaqo Universitetindən professor Şirli Menq bu haqda belə deyib:
"Adətən materiallar isitdikdə genişlənər. Amma biz bu araşdırmada tam əksini müşahidə etdik — isitdikdə kiçilən bir struktur hazırladıq." O əlavə edib ki, bu materialların xüsusiyyətləri redoks kimyası ilə tənzimlənə və bu da enerji texnologiyalarında yeni imkanlar aça bilər.
Araşdırma qrupundan Dr. Minhao Canq isə bildirib ki, bu yeni maddə sinfi sıfır istilik genişlənməsi göstərəcək şəkildə tənzimlənə bilər:
"Hər binada istifadə olunan müxtəlif tikinti materiallarının istiliklə əlaqədar həcm dəyişiklikləri ciddi problemlərə səbəb olur. Lakin bu materiallar sayəsində bu cür problemlərin qarşısı alına bilər."
Alimlər bu yeni maddənin kimyəvi reaksiyalarını daha dərindən öyrənərək, onu enerji saxlama sistemlərindən tutmuş kosmos texnologiyalarına qədər müxtəlif sahələrdə tətbiq etməyi planlaşdırırlar.