İstanbulun “səyyah pişiyi” Rəisə səyahətlərində artıq qızı Pera da qoşulub. Sevimli ata-qız pişiklərin şəhər gəzintiləri turistlərin böyük marağına səbəb olur.
Sherg.az xəbər verir ki, 49 yaşlı fitnes məşqçisi Hakan Əmrah təxminən 4 ildir ki, pişiyi Rəis ilə birlikdə İstanbulun tarixi və turistik məkanlarını gəzir. Çiynində etdiyi gəzintilərlə tanınan Rəis “İstanbulun səyyah pişiyi” kimi məşhurdur. Qısa müddət əvvəl ata olan Rəisə indi 7 aylıq balası Pera da yoldaşlıq edir.
Pera əvvəlcə qısa gəzintilərə qatılıb, daha sonra atasının izindən gedərək daha izdihamlı və sosial mühitlərə alışıb. Sakit xasiyyəti ilə seçilən Reis saatlarla sahibinin çiynində qala bilir. Daha maraqlı və hərəkətli olan Pera isə bəzən qucaqda, bəzən də yerdə gəzməyə üstünlük verir.
Hakan Əmrah bildirib ki, Rəis özünü ən təhlükəsiz onun çiynində hiss edir:
“Ən çox sevdiyi şey yatmaq, yemək yemək və çiynimdə olmaqdır. Evdə dörd divar arasında qalmasını istəmirəm. Biz necə təmiz hava alırıqsa, o da alsın istəyirəm. Yağışlı və ya soyuq havada çölə çıxara bilməyəndə arxamca miyoldayır, sanki kədərlənir.”
Biri 5 kilo, digəri təxminən 3 kilo olan pişikləri çiynində gəzdirməyin bəzən yorucu olduğunu deyən Əmrah qeyd edib:
“Pera daha hərəkətlidir, bəzən dəcəl olur. Rəis isə əsasən çiynimdə sakit dayanır.”
Əmrah pişikləri ilə səyahət etməyin ona xoşbəxtlik verdiyini vurğulayaraq, hər kəsin heyvanlarla maraqlanmasının vacib olduğunu bildirib.