Alimlərdən inqilabi kəşf: Yerin daxili nüvəsi düşünüldüyü kimi deyil

Çin alimləri Yerin bərk daxili nüvəsinin əvvəllər güman edildiyindən daha yumşaq və dinamik olduğunu müəyyən ediblər.

Teleqraf xəbər verir ki, Siçuan Universitetinin tədqiqatçıları bu nəticəyə laboratoriya eksperimentləri zamanı gəliblər.

Araşdırma nəticəsində məlum olub ki, ekstremal istilik və təzyiq altında karbon atomları dəmir qəfəsində sərbəst hərəkət edir (miqrasiya edir). Alimlərin "superion vəziyyəti" adlandırdığı bu proses nüvənin sərtliyini azaldır və seysmik dalğaların sürətini təxminən 23% aşağı salır.

Bu kəşf seysmoloqların uzun illərdir cavab axtardığı "Yerin daxili nüvəsi niyə seysmik dalğaları ləngidir?" sualına aydınlıq gətirib. Təcrübələr göstərib ki, daxili nüvənin tərkibindəki yüngül elementlərin hərəkəti həm də Yerin maqnit sahəsinin yaranmasında rol oynayır.

Tədqiqatda həmçinin qeyd olunur ki, qədim dövrlərdə (Proterozoy erası) Yerdə sutkanın uzunluğu təxminən 19 saat təşkil edib. Buna səbəb atmosfer qabarmalarının Ayın Yeri yavaşıtma təsirini kompensasiya etməsi olub.