Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1930-cu ildə ABŞ-ın Türkiyədəki səfiri Cozef Qru ilə görüşü zamanı lentə alınan nadir görüntüləri 96 il sonra yenidən yayımlanıb. Arxiv materialları arasında Atatürkün çıxışından əvvəl səfirlə fransız dilində apardığı qısa dialoq da ilk dəfə üzə çıxıb.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “DHA” agentliyi məlumat yayıb.
Tarixi kadrlar 1930-cu il noyabrın 11-də Ankaradakı Qazi Meşəçilik Fermasında qeydə alınıb. Atatürkün ABŞ səfiri Cozef Qru ilə görüşünü və Amerika xalqına müraciətini əks etdirən görüntülər tarix araşdırmaçısı Əli Taner Tümerin araşdırması nəticəsində “Kronik Doküman” adlı YouTube kanalında yayımlanıb.
Araşdırma zamanı müxtəlif arxivlərdə saxlanılan kino görüntüləri, dövrün qəzetləri və tarixi fotoşəkillər bir araya gətirilərək vahid video hazırlanıb.
Görüntülərin ən diqqətçəkən məqamı Atatürkün Amerika xalqına müraciətindən əvvəl səfirlə fransız dilində apardığı qısa söhbətdir.
Cozef Qrunun çıxışından sonra Atatürk fransız dilində “İcazənizlə, bir neçə söz deyə bilərəmmi?” deyə müraciət edib. Səfir isə “Buyurun, zati-aliləri” cavabını verib. Bundan sonra Atatürk Amerika xalqına türkcə müraciətinə başlayıb.
Araşdırmaçı Əli Taner Tümer bildirib ki, Atatürkün səfirlə təsərrüfatı gəzərkən fransızca danışdığı digər görüntülər əvvəllər də yayımlanıb. Lakin çıxışdan əvvəlki bu qısa dialoq ilk dəfə ictimaiyyətə təqdim olunur.
Atatürkün 96 il əvvəlki sülh və dostluq mesajı
Atatürk Amerika xalqına müraciətində türk millətinin demokratik xarakterini xüsusi vurğulayıb. “Türk milləti təbiətən demokratdır” fikrini səsləndirən Ulu Öndər Amerika demokratiyasının milli birliyin formalaşmasındakı roluna da toxunub.
O, Türkiyə və ABŞ xalqları arasında qarşılıqlı sevgi və dostluğun əhəmiyyətindən danışıb, xalqların keçmişdən qalan yanlış təsəvvürləri və önyarğıları aradan qaldırmasının vacibliyini qeyd edib.
Çıxışda dünya sülhü də əsas mövzulardan biri olub. Atatürk bəşəriyyətin əmin-amanlıq və sülh şəraitində yaşamasının, dövlətlər arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tarixi görüntülər müxtəlif arxivlərdən toplanıb
Əli Taner Tümer bildirib ki, araşdırma zamanı Türkiyənin Kino Baş İdarəsinin “Film Mirasım” arxivi ilə yanaşı, ABŞ-ın Cənubi Karolina Universitetinin arxiv materiallarından da istifadə edilib.
Tədqiqatçılar Atatürkün səfir Cozef Qru ilə görüşünə aid 6-7 tarixi fotoşəkil də əldə ediblər. Lakin çıxışın baş verdiyi anı əks etdirən fotoşəkilə rast gəlinməyib.
Tümerin sözlərinə görə, görüntülər süni intellekt vasitəsilə yenidən yaradılmayıb, kadrların keyfiyyəti artırılmayıb və bərpa işləri aparılmayıb. Tarixi materialların orijinal quruluşu qorunmaqla yalnız rəngləndirmə həyata keçirilib.
Beləliklə, 96 il əvvəl lentə alınmış nadir kadrlar Atatürkün həm diplomatik münasibətlərə, həm də dünya sülhünə dair baxışlarını bir daha gündəmə gətirib.


