Bu daş dünyada yalnız Kayseridə çıxır

 Kayserinin Melikqazi rayonunda çıxarılan dorak daşı, Oğuz Ayatanın əllərində yenidən canlanır.
Osmanlı dövründə Sultan Süleyman Qanuni, II Səlim və III Murad zamanlarında baş memar olmuş Mimar Sinanın doğulduğu Ağırnas kəndində çıxarılan bu daş, dünyada tək olma xüsusiyyətinə malikdir.
Sherg.az xəbər verir ki, atasından öyrəndiyi sənəti bu gün də yaşadan Oğuz Ayata, Mədəniyyət və Turizm Nazirliyindən Qeyri-Maddi Mədəni İrs Daşıyıcısı şəxsiyyət vəsiqəsi alıb.
Əsrlik alətlərlə sənətini davam etdirdiyini deyən Ayata, işinə olan sevgisindən danışaraq Mimar Sinanın kəndində doğulduğu üçün qürur duyduğunu bildirib. O, daşları elektrikli mişardan istifadə etmədən, tamamilə əlləri ilə formalaşdırır. 

Ayatanın bu sənətə başlamasına isə atası səbəb olub. O, bunu belə xatırlayır:
“Təxminən 7-8 ildir dorak daşı düzəldirəm. Uşaqlıqda atamın tikdiyi evdə bir dorak daşı vardı, onun üzərində qatıq süzmək istədik. Atam daş hazırlayarkən maraqla izlədim, çox xoşuma gəldi. Özüm çəkib sosial mediada paylaşdım. Dorak daşını mənə atam öyrədib.”
Ayata dorak daşı sənətinin daha geniş kütlələr tərəfindən tanınmasını arzulayır. Bunun üçün o, Mədəniyyət və Turizm Nazirliyinə Qeyri-Maddi Mədəni İrs Daşıyıcısı kimi müraciət edib və ekspert komissiyasının dəyərləndirməsi nəticəsində bu sənət rəsmi şəkildə qeydiyyata alınıb.
Oğuz Ayata bildirir ki, dorak daşı sənətinin özündən sonra da yaşamasını istəyir. Onun sözlərinə görə, bu sənət yalnız Kayseri bölgəsində davam edir və hər yumşaq daşdan belə bir dorak daşı hazırlamaq mümkün deyil.
Prof. Dr. Osman Özsoy isə dorak qatığına və dorak daşına olan marağın getdikcə artdığını qeyd edir. Onun sözlərinə görə, bu daş soyuducu və elektrik olmayan dövrlərdə daha çox istifadə edilirdi və dorak daşı sayəsində qatıq uzun müddət xarab olmadan saxlanıla bilirdi.

Turan