Çin yazı simvollarını və İngilis əlifbasını oxuya bilən, elmi araşdırmalara böyük töhfələr vermiş “dahi” şimpanze "Ai" 49 yaşında dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, "Ai", yapon dilində “sevgi” mənasını verir, qavrama, öyrənmə və yaddaş üzərində aparılan tədqiqatlarda və primat zəkasının öyrənilməsində önəmli rol oynamışdı.
Kyoto Universiteti İnsan Davranışının Təkamül Kökləri Mərkəzindən verilən açıqlamada, "Ai"nin tədqiqatları sayəsində şimpanzelərin zehnini başa düşmək üçün eksperimental çərçivənin qurulduğu vurğulandı.
Rəngləri, sayları və simvolları ayırd edirdi
Primatoloq Tetsuro Matsuzava 2014-cü ildə etdiyi qiymətləndirmədə "Ai"nin 100-dən çox Çin simvolunu, İngilis əlifbasını, 0-dan 9-a qədər Ərəb rəqəmlərini və 11 rəngi ayırd edə bildiyini qeyd etmişdi.
Bir eksperimentdə "Ai"yə kompüter ekranında “çəhrayı” mənasını verən Çin simvolu ilə birlikdə bir çəhrayı və bir bənövşəyi kvadrat göstərildi. Şimpanze düzgün olaraq çəhrayı kvadratı seçib.
Başqa bir tədqiqatda isə "Ai"ə alma göstərildikdə, o, ekrandakı düzbucaqlı, dairə və nöqtə simvollarını seçərək “virtual bir alma” yaratmışdı.
Elmi nəşrlərin mövzusu oldu
Yüksək zehni qabiliyyətləri "Ai"ni çoxsaylı akademik məqalə və sənədli filmlərin mərkəzinə çevirib. Onun tədqiqatları, arasında "Nature" jurnalında yayımlananların da olduğu nüfuzlu elmi nəşrlərdə işıqlandırılıb və mediada “dahi” ləqəbi ilə tanınmasına səbəb olub.
Ana-uşaq tədqiqatlarına töhfəsi
Qərbi Afrikadan olan "Ai" 1977-ci ildə Kyoto Universitetinə gətirilmişdi. 2000-ci ildə dünyaya gələn oğlu Ayumu ana-uşaq arasında bilik ötürülməsi mövzusunda aparılan tədqiqatlarla diqqət çəkib.
Mərkəz tərəfindən verilən açıqlamada qeyd olunub:
“Ai" son dərəcə maraqlı idi və tədqiqatlarda fəal iştirak edirdi. Bu sayədə şimpanze zehninin bir çox aspektləri ilk dəfə ortaya çıxarıldı.”
"Ai"nin tədqiqatlarının insan zehninin evolusiyasını anlamaqda əsas elmi dayağı təmin etdiyi vurğulanıb.