Ortaya çıxan material işığın 99,87 faizini udur
Alimlər cənnət quşlarının lələklərindən ilhamlanaraq tekstil texnologiyalarını köklü şəkildə dəyişə biləcək yeni bir parça hazırlayıblar. Tərtibatçıların sözlərinə görə, bu material indiyədək istehsal edilmiş ən tünd qara materialdır.
Sherg.az xəbər verir ki, Yeni Qvineya və Avstraliyanın şimal ucunda yaşayan cənnət quşlarının lələklərindən ilham alan bu parça, ağ merinos yunundan hazırlanır. Əvvəlcə dəri, saç və göz rəngini verən təbii piqment melaninin sintetik forması olan polidopaminlə boyanır. Daha sonra plazma kamerasında aşındırılaraq işığı son dərəcə effektiv şəkildə “tələyə salan” və nanofibrillər adlanan mikroskopik, tikanvari strukturlar yaradılır.
“CNN International”ın məlumatına görə, ortaya çıxan material işığın 99,87 faizini udur. Cornell University İnsan Mərkəzli Dizayn Bölməsinin dosenti və Nature Communications jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi Larissa Şeferd bildirib: “İşləyərkən içəri girən professorlar ‘Bu, sanki qara dəliyə baxmaq kimidir’ deyirdilər.”
Tədqiqatçılar parça ilə cənnət quşlarının lələklərinə vizual göndəriş edən tək bir prototip geyim də hazırlayıblar. Material üçün müvəqqəti patent müraciəti edilib. Şeferdin sözlərinə görə, “Hazırkı xüsusiyyətləri ilə bu materialın xüsusilə yüksək moda sahəsində istifadə oluna biləcəyini düşünürük.”
Yeni parça, işığın 0,5 faizindən azını əks etdirən “ultra qara” materiallar kateqoriyasına daxildir. Bu qrupun ən məşhur nümunəsi 2014-cü ildə hazırlanmış və görünən işığın 99,97 faizini udan karbon əsaslı örtük olan Vantablack-dır. Şeferdin fikrincə, Ultrablack Vool (UBV) adlandırılan yeni parça Vantablack-lə müqayisədə geyilə bilən, daha ucuz və istehsalı daha asandır.
Təbiəti aşan dizayn
Xəbərdə qeyd olunur ki, cənnət quşlarının lələkləri melaninlə zəngin, tükvari mikroskopik strukturlar sayəsində işığı içəri yönləndirərək dərin qara görünüş əldə edir. Oxşar ultra qara rənglənmələr bəzi balıq və kəpənək növlərində də müşahidə olunur.
Alimlər bu xüsusiyyəti parçaya tətbiq edərkən bir addım da irəli gediblər: material təxminən 120 dərəcəlik bucaqdan baxıldıqda belə ultra qara görünür. Tədqiqatçılara görə, yeni parça mövcud ultra qara tekstillərlə müqayisədə daha nəfəsalan və daha elastikdir.
Tədqiqatın müəlliflərindən doktorant Hansadi Cayamaha bildirib: “Təbii material istədik. İlk seçimimiz yun deyildi, ipəklə başladıq. Lakin polidopaminlə yun arasındakı kimya sayəsində ən tünd nəticəni əldə etdik.”
Daha ucuz və sadə
Polidopaminin daha bir üstünlüyü, Vantablackdə istifadə olunan mürəkkəb karbon nanotüp strukturları ilə müqayisədə xərclərin aşağı olmasıdır. Cayamaha əlavə edib: “Biz sadəcə yun və polidopamin istifadə edirik; bu, karbon nanotüp istehsalından həm daha ucuz, həm də daha sadədir.”
Yeni parçadan hazırlanan geyimlər təkcə çox qara görünmür, həm də istilik tənzimləmə xüsusiyyətləri təqdim edir. Tədqiqatın müəlliflərindən Kyuin Park qeyd edib: “Tamamilə ultra qara geyim geyinsəniz, daxildə normal hiss edərsiniz; lakin günəş altında daha çox işığı istiliyə çevirərək bədəninizi daha tez isidər.”
Park həmçinin ultra qara səthin yalnız çiyin və ya bel kimi tərləmənin intensiv olduğu nahiyələrə tətbiq oluna biləcəyini, tərləmə başladıqda isə buxarlanma ilə soyutmanın bədən temperaturunu sürətlə aşağı saldığını vurğulayıb.