Dünyada çox nadir hallarda rast gəlinir, O BÖLGƏDƏ GÖRÜNDÜ

Türkiyədə Mersinin Silifke rayonunda yerləşən Göksu Deltası başda köçəri quşlar olmaqla bir çox canlı növünə ev sahibliyi edir. Quş müşahidəçilərindən tutmuş təbiət fotoqraflarınadək çoxsaylı insanların maraq göstərdiyi bu deltada zaman-zaman qoruma altında olan və nadir rast gəlinən növlər də obyektivlərə düşür.

Sherg.az xəbər verir ki, bölgədə, qamışlıq sahələrdə yaşayan və nəsli təhlükə altında olan çöl toyuğu da görüntülənib. Fiziki görünüşü ilə diqqət çəkən və dünyada yalnız məhdud ərazilərdə yayılan bu quş növü saatlarla davam edən səbirli gözləntidən sonra lentə alınıb.

Göksu Deltasının köçəri quşlar üçün dincəlmə, qidalanma və müvəqqəti məskunlaşma məkanı olduğunu bildirən Nadir Köksoy deyib:

“Türkiyədə yaşayan təxminən 590 quş növünün 338-i burada müşahidə olunur. Bu səbəbdən bölgəyə həm ölkə daxilindən, həm də xaricdən quş müşahidəçiləri gəlir.”

Elmi adı “Porphyrio porphyrio” olan çöl toyuğu yelvegillər (Rallidae) fəsiləsinə aid quş növüdür. İngilis dilində “Sultana bird” kimi də tanınır.

Bu quşun əsas çoxalma arealları adətən Cənubi Avropa, Afrika, tropik Asiya və Avstraliya əraziləridir.

Saz xoruzu iri ayaqları, parlaq lələkləri və qırmızı dimdiyi ilə seçilir. İnkubasiya dövrü 24 gün davam edir.