Gözləri, saçları və dərisi fərqli rəngdədir: 3 milyona yaxın baxış topladı

ABŞ-li 36 yaşlı ana Eşli Blek qızının doğulmasından 4 həftə sonra onun göz və saç rəngində bəzi dəyişikliklər olduğunu fərq edib. Vəziyyəti TikTok hesabında paylaşan ana övladında kimerizm ola biləcəyini düşünür.

Sherg.az xəbər verir ki, Eşli Blekin qızının yer aldığı video təxminən 3 milyona yaxın baxış toplayıb. Səs-küyə səbəb olan paylaşımında Blek bunları deyib:

“Saç, göz və dəri tonundakı bu müxtəlifliyin çox nadir görüldüyü deyilir. Bir çox insan qızımda kimerizm ola biləcəyini irəli sürür. Kimerizm bir fərdin ən azı iki fərqli DNT dəstinə sahib olması vəziyyəti kimi izah olunur. Bu videonu çəkməkdə məqsədim isə kimin belə doğulan uşağı olduğunu öyrənməkdir. Açığı, Tanrının mənə bəxş etdiyi bu gözəl körpəni hər kəsin görməsini istəyirəm.”

Bir çox mənbədə kimerizm iki ayrı yumurtanın iki fərqli sperm tərəfindən mayalanması nəticəsində yaranan iki embrionun əkiz kimi inkişaf etmək əvəzinə, hamiləliyin çox erkən mərhələsində birləşərək tək fərd kimi doğulması halı kimi izah edilir.

Kimerizm diaqnozu adətən allo-kök hüceyrə transplantasiyasından sonra qan və sümük iliyi nümunələrində aparılan testlə qoyulur.

"People" jurnalına danışan Eşli Blek bildirib ki, hamiləliyin əvvəlində döl kisəsi aşağıda yerləşirdi və körpəsinin ürək döyüntüsü çox zəif idi. Hamilə olduğunu 5-ci həftədə öyrənən Blek körpəsini itirmək riski ilə üz-üzə qalmışdı.

8 uşaq anası olan qadında nadir rast gəlinən qeysəriyyə əməliyyatı çapığına yerləşən ektopik (uşaqlıqdan kənar) hamiləlik də inkişaf edib. Bu problem embrionun sağlam uşaqlıq divarı əvəzinə əvvəlki qeysəriyyə əməliyyatından qalan çapıq toxumasına yerləşməsi ilə xarakterizə olunan nadir fəsad kimi qiymətləndirilir. Blekə hamiləliyi təcili şəkildə sonlandırmalı olduğu bildirilib. Uşaqlığın cırılması və güclü qanaxma ehtimalının çox yüksək olduğu, bunun isə ana və körpənin ölümü ilə nəticələnə biləcəyi qeyd olunub.

Blek isə deyib:

“Bütün bunlara baxmayaraq abortdan imtina etdim və həftəlik ultrasəs müayinələrini davam etdirdim. Hər müayinədə nəticələr daha da pisləşirdi və həkimlər abort qərarını yenidən düşünməyimdə israr edirdilər.”

12-ci həftə ultrasəsinə gedəndə isə həkimlər körpənin sidik kisəsinə deyil, uşaqlığa doğru böyüdüyünü və bunun müsbət inkişaf olduğunu bildiriblər.

Blek əlavə edib:

“Doğuşdan əvvəl iki ay xəstəxanada qaldım, çünki çox güclü qanaxmam var idi. Üstəlik, həm dölün, həm də mənim ölüm riskim çox yüksək idi. Qan itkisinə görə doğuş zamanı ölə bilərdim.”

Bütün çətinliklərə baxmayaraq, Valyn sağlam şəkildə dünyaya gəlib.