İkinci Dünya müharibəsinin 80 illik sirri açıldı: Əsgər nəhayət “evinə qayıtdı”

İkinci Dünya müharibəsi zamanı Myanmada itkin düşən ABŞ əsgəri Cozef Qalanın taleyinə 80 ildən sonra aydınlıq gəlib. Onun kimliyi uzun illər davam edən elmi araşdırmalar nəticəsində müəyyənləşdirilib və nəşi doğulduğu torpaqda hərbi mərasimlə dəfn olunub.

Sherg.az xəbər verir ki, 1944-cü ildə Myanmada döyüşlər zamanı itkin düşən 21 yaşlı Cozef Qalanın qalıqları 80 ildən artıq müddətdən sonra müəyyən edilib. ABŞ Müdafiə Nazirliyinin Müharibə Əsirləri və İtkin Düşmüş Şəxslərin Uçotu Agentliyinin (DPAA) mütəxəssisləri antropoloji, stomatoloji və genetik analizlər əsasında 2025-ci il sentyabrın 10-da nəşin ona məxsus olduğunu təsdiqləyiblər.

“Unudulmuş cəbhə”nin döyüşçüləri

İkinci Dünya müharibəsi zamanı ABŞ prezidenti Franklin Ruzveltin göstərişi ilə yaradılan xüsusi hərbi birlik Çin-Myanma-Hindistan cəbhəsində Yaponiya qüvvələrinə qarşı döyüşüb. Komandirləri Frenk Merrillin şərəfinə “Merrill's Marauders” adlandırılan könüllü piyada birliyi bölgənin çətin meşəlik ərazilərində ağır döyüşlər aparıb.

Təxminən 3 min hərbçinin iştirak etdiyi birlikdən yalnız 200 nəfər sağ-salamat evinə qayıda bilib. Bölmənin keçmiş üzvlərindən Sem Uilson həmin günləri belə xatırlayıb: “Biz artıq taleyin ümidinə buraxılmışdıq. Bizi Myanmaya aparmaq üçün kağız üzərində plan var idi, amma oradan çıxarmaq üçün heç bir plan yox idi”.

21 yaşında itkin düşdü

ABŞ ordusunun hərbçisi Cozef Qala 1944-cü il iyunun 16-da Myanmadakı Myitkyina aerodromunun ələ keçirilməsindən sonra Mankrin kəndi istiqamətində irəliləyən batalyonun tərkibində olub. Yapon mövqelərinə doğru hərəkət edən bölmənin keçirdiyi ağır döyüşlər zamanı Qala kənd yaxınlığında itkin düşüb.

Onun ölümü ilə bağlı dəqiq məlumatlar qeydə alınmayıb. Hadisədən iki ay sonra - 1944-cü il iyulun 14-də döyüşdə həlak olduğu elan edilib.

80 il sonra kimliyi müəyyənləşdirildi

1946-cı ildə bölgədəki hərbi qəbiristanlıqdan çıxarılan nəşlər əvvəlcə Hindistana, 1947-ci ildə isə ətraflı araşdırma üçün Havay adalarına aparılıb. Həmin dövrün texnologiyası ilə kimliyi müəyyənləşdirilə bilməyən Qalanın nəşi Honoluludakı Sakit Okean Milli Xatirə Qəbiristanlığında naməlum əsgər kimi dəfn edilib.

İllər sonra aparılan antropoloji araşdırmalar, diş analizləri və müasir DNT texnologiyaları sayəsində onun kimliyini müəyyənləşdirmək mümkün olub.

Qalanın ailə üzvü Skott DeQreqori uzun illər davam edən qeyri-müəyyənliyə toxunaraq bildirib: “Əslində nə baş verdiyini anlamaq üçün illərlə çalışdılar. Nəhayət, evinə qayıda bildiyi üçün çox qürurluyuq”.

Qəhrəmana hərbi vida

ABŞ ordusunun bütün üzvləri “Bürünc Ulduz” medalı ilə təltif edilən xüsusi birliyin tərkibində xidmət etmiş Qalanın nəşi Massaçusets ştatının Lin şəhərindəki Pine Qrouv qəbiristanlığında tam hərbi mərasimlə torpağa tapşırılıb.

Mərasim iştirakçıları 80 ildən artıq davam edən gözləntinin başa çatdığını vurğulayaraq əsgərlə bu sözlərlə vidalaşıblar:

“Evə xoş gəldin, əsgər Qala. Fədakarlığın, cəsarətin və xidmətin heç vaxt unudulmayacaq. Qəhrəman, rahat yat”.