İnsanlığın ən qədim əcdadı tapılmış ola bilər

Alimlər insan nəslinin indiyədək məlum olan ən qədim əcdadını müəyyən etmiş ola bilərlər. Araşdırmalara görə, Afrikada təxminən 7 milyon il əvvəl yaşamış Sahelanthropus tchadensis adlı meymunabənzər canlı bu baxımdan ən güclü namizəddir.

Sherg.az xəbər verir ki, sümüklərin yenidən analizi bu canlının meymuna oxşadığını, lakin dörd ayaqla deyil, iki ayaq üzərində yeriməyə uyğun bədən quruluşuna malik olduğunu göstərib. Xüsusilə bud sümüyündə aşkar edilən çıxıntı dik yerimə üçün xarakterik əlamət hesab olunur.

Mütəxəssislərə görə, bu canlı insanlarla şimpanzelərin ayrıldığı dövrə yaxın yaşayıb, qismən iki ayaqla hərəkət edib, eyni zamanda ağaclardan da istifadə edib. Bu tapıntılar onun insan soyunun ən qədim hominidi ola biləcəyini göstərir.