İranın saxta robotları dünya gündəmindədir - istehza ilə qarşılanıb

İranda keçirilən bir sərgidə nümayiş etdirilən “insansız robot”ların əslində kostyum geyinmiş real insanlar olduğu məlum olub.

Sherg.az xəbər verir ki, İranda təşkil olunan “2025 Kish Inox Tech Expo” adlı sərgiyə sözdə “yüksək səviyyəli insansız robotlar” damğa vurub.

Sərgidə robot kimi təqdim edilən bu “modellərin” əslində naxışlı tulumlar və eynəklər geyinmiş insan performansçılarından ibarət olduğunun üzə çıxması sosial şəbəkələrdə böyük istehza ilə qarşılanıb.

Tədbirdən yayımlanan görüntülərdə bir kişi və bir qadın performansçının mexaniki hərəkətlərlə səhnəyə çıxaraq robotik varlıqlar kimi təqdim edildiyi görünür.

Hər iki performansçının özlərini “ortaq bir məlumat kodu daxilində birlikdə çalışan məlumat kolleksiyası” kimi təqdim etməsi diqqət çəkib.

Videolar qısa müddətdə sosial platformalarda yayılaraq geniş əks-səda doğurub. İstifadəçilər həm performansçıların görünüşünü, həm də nümayişin gerçəkliyini sual altına alaraq, görüntülərdə onların insan olduğuna dair açıq işarələri vurğulayıblar.

Sözügedən videolar sosial şəbəkələrdə paylaşılmağa davam edir. Bir çox istifadəçi görüntülərə öz şərhlərini və satirik reaksiyalarını əlavə edərək yayımlayır.