Mənası diqqət çəkir: 2025-ci ilin “ruh halını” əks etdirən yazı simvolu seçildi

Yaponiya hər dekabr ayında ölkədə ilin sosial ruh halını və əhval-ruhiyyəsini ifadə edən populyar Çin yazısı (Kanji) simvolunu seçir. 2025-ci ilin simvolu müəyyənləşib.

Sherg.az xəbər verir ki, Yaponiya Kanji İstedad Testi Fondu, Kiyoto şəhərindəki tarixi Kiyomizu Məbədində keçirilən tədbirdə minlərlə Kanji simvolu arasından “ilin yazı simvolu”nu açıqlayıb. Təqribən 190 min səs toplanıb.

2025-ci ilin Kanjisi olaraq “ayı” mənasını verən “kuma” simvolu seçilib. Məbədin Budist Başrahibi Mori Seihan, 1,5 metr uzunluğunda və 1,3 metr enində olan “vaşi” kağızına böyük kalliqrafiya fırçası ilə simvolu çəkib.

Mori Seihan bildirib:

"Qurbanların rahatlıqla uyuması üçün dua edirəm. Bu, problemləri ciddi qəbul etməyimizin vacibliyinə işarədir."

2025-ci ilin simvolunun seçilməsində ölkədə artan ayı hücumları və Tokio hökuməti ilə yerli idarələrin bu hücumlara qarşı tədbirləri də nəzərə alınıb.