Nə səsvermə hüququ var, nə də sürücülük vəsiqəsi: 14 yaşında qubernatorluğa namizəd oldu

ABŞ-ın Vermont ştatında 14 yaşlı məktəbli Dean Roy qubernatorluğa namizədliyini irəli sürüb. Sherg.az xəbər verir ki, seçiləcəyi təqdirdə o, ABŞ tarixində 18 yaşdan aşağı ilk qubernator ola bilər.

Royun nə səsvermə hüququ var, nə də sürücülük vəsiqəsi. Buna baxmayaraq, kampaniyasının əsas məqsədinin gəncləri siyasətə cəlb etmək olduğunu bildirir. Namizədlik ideyası onun müəlliminin zarafatından sonra yaranıb; araşdırmalar nəticəsində Vermontun qubernatorluq üçün yaş məhdudiyyəti olmayan yeganə ştat olduğu üzə çıxıb.

Vermontda qubernatorluğa namizəd olmaq üçün dörd il ştatda yaşamaq, 500 imza toplamaq və müraciət müddətinə əməl etmək kifayətdir. Roy imzaların toplanmasında sona yaxınlaşdıqlarını deyir. Onun 14 yaşlı köməkçisi Charlie Bass da qubernator müavinliyinə namizəddir.

Gənc namizədin əsas vədləri arasında mənzil probleminin həlli, təhsil sisteminin yenilənməsi və elektrikli avtomobillərlə bağlı tələblərin yenidən nəzərdən keçirilməsi var. Roy nə Demokrat, nə də Respublikaçı kimi çıxış edir; o, “Azadlıq və Birlik Partiyası” adlı yeni siyasi qurum yaradıb.

Hüquqi maneə olmadığını bildirən Roy seçkini qazanmasa belə siyasətdə qalacağını deyir. Bu qeyri-adi namizədlik Vermontda seçki prosesinin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.